23 sentyabr 2013 11:42
Yılmaz Vural: Azərbaycan millisini yerli məşqçi çalışdırmalıdı
Futbol üzrə Azərbaycan millisini, hətta eyni vaxtda ölkə çempionu “Neftçi”ni çalışdıracağı iddia edilən türkiyəli mütəxəssis Yılmaz Vural Bakıya gəlib. Azerisport.az xəbər verir ki, o, ötən gecə paytaxtımızda keçirilən möhtəşəm kikboksinq yarışının izləyicisi olub.
Bu arada o, Türkiyə mətbuatına yeni açıqlamalar da verib. Təcrübəli məşqçi millimizi çalışdıracağı ilə bağlı yayılan xəbərləri təkzib edib:
“İndiyə kimi əcnəbi ölkələrdə çalışmamışam. Amma bura gəldim və gördüm ki, Azərbaycanın Türkiyədən heç bir fərqi yoxdu. Burada işləmək xarici ölkədə işləməyə bənzəməz. Məşqçilikdə münasibət çox önəmlidi. Bu mənada Azərbaycandan təklif gələrsə, məmnuniyyətlə qəbul edərəm. Ancaq mənə belə bir təklif gəlməyib”.
Türkiyəli mütəxəssis deyib ki, millimizə azərbaycanlı baş məşqçinin gətirilməsi daha məqsədəuyğundu: “Biz Türkiyəni əcnəbi birinin çalışdırmasına qarşı çıxdıq. Əcnəbi məşqçinin Azərbaycanda da uğur əldə etməsi çətindi. Tövsiyə edirəm ki, milliyə azərbaycanlı baş məşqçi gətirilsin. Milli komanda budu ki, siz oyunçulara öz dəyərlərinizlə nəsə öyrədirsiniz. Əcnəbi isə bunu bacarmaz”.
Vural həmçinin Azərbaycann klublarından birini çalışdıracağı ilə bağlı xəbərlərə də münasibət bildirib. Qeyd edib ki, 5-6 il öncə “Xəzər Lənkəran”da baş məşqçilik edə bilərdi: "Mübariz Mənsimov dostumuzdu. 5-6 il öncə “Xəzər Lənkəran”a gələ bilərdim. Ancaq o zaman vəziyyət buna imkan vermədi”.
