24 sentyabr 2013 13:36
AZAL-la Qarabağı azarkeşləri ziyana saldı, Simurqun forvardı 4 oyunluq cəzalandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
“Qəbələ” – “Rəvan” matçında “Rəvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Qarabağ” – “Simurq” matçında “Simurq”un 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində “Simurq”un futbolçusu Draqan Çeran hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 4000 manat cərimə olunub.
AZAL – “Xəzər Lənkəran” matçının 45+1-ci dəqiqəsində AZAL-ın futbolçusu Oskar Klava sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 72-ci dəqiqəsində AZAL-ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
