25 sentyabr 2013 16:21
Ramin Musayev: Klublar oyunlarının yayımını istəmirlər
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev bu gün avqust ayının ən yaxşı futbolçusunun və ən yaxşı qolun müəlliflərinin mükafatlandırılması mərasimində fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Artıq növbəti mövsüm üçün Topaz Premyer Liqasının yayımı ilə bağlı başqa ölkədən cəlbedici təklif almışıq. Təklif olunan vəsait kifayət qədər yüksək olacaq. Bu təklif həyata keçsə, PFL-ə ödənilən vəsaitdən mətbuatın inkişafına da ayrılacaq. Yayım hüququnu Topaza həvalə edəndə bəziləri bizim bu addımımızı tənqidlə qarşıladılar. Lakin onlar əməkdaşlığımızın müsbət tərəfini görüb işıqlandırmadılar. Premyer Liqada elə tur oldu ki, 5 oyunun hamısı göstərildi. Bu gün bəzi problemlərlə üzləşirik. Klub rəhbərləri yayımdan imtina edirlər. Səbəb kimi azarkeşləri itirdiklərini göstərirlər. Oyunları göstərilməyəndə də narazı qalırlar, göstəriləndə də. Lap bir kinoda deyildiyi kimi, “oxu, oxuma” deyirlər. Elə problemlər var ki, açıqlamaq olmur. Amma bütün günahları PFL-də görürlər”.
PFL prezidentinin sözlərinə görə, klublarımızın bu istəyi həyata keçməyəcək. O, heç kimə haqsızlığın olmamasına çalışdıqlarını əlavə edib: “Ən yaxşı həqiqət düzlükdü. Bir insan öz vəzifəsini yerinə yetirə bilmirsə, onun haqqında tədbir görürük. Topazla 1 ildir əməkdaşlıq edirik. Hələ heç bir problemimiz olmayıb. Əksinə, Topaz Azərbaycan futbolunun inkişafı üçün xeyirli işlər görüb. Təkcə maddi məsələlərdən söhbət getmir. İnanırıq ki, birgə layihəmiz daha uğurlu alınacaq”.
