25 sentyabr 2013 16:43
Azərbaycanın Fransadakı səfiri Bakının Parisdəki stendində (FOTO)
Bu gün - sentyabrın 25-də - beynəlxalq "Top Resa" sərgisinin ikinci günündə də Azərbaycanın guşəsi, xüsusən də ölkəmizi idman sahəsində təmsil edən "Bakı"nın stendi böyük maraqla qarşılanıb. Azerisport.az xəbər verir ki, səhər saatlarında Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov sərgi keçirilən salona təşrif buyurub.
"Bakı" rəsmilərindən Nail Əliyev və Yaşar Seyidov cənab səfirə sərginin axarı, eləcə də "Bakı" - "Lans" əməkdaşlığının perspektivləri haqqında məlumat verib. Təbliğat yönündə müvafiq tövsiyyələrini çatdıran Elçin Əmirbəyova "Bakı"nın atributları hədiyyə olunub.
Ardından nəqliyyat, turizm və kommunikasiya üzrə baş direktor Alan Banyo və "Top Resa" sərgisinin direktoru Tomas Despleyn sərgidə Azərbaycan üçün ayrılan yerə baş çəkib. Nüfuzlu qonaqlara Azərbaycanın mədəniyyəti və turizm potensialı haqqında məlumat verilib. Təbii ki, "Bakı" - "Lans" əməkdaşlığı, əlaqələrin gələcək perspektivləri də unudulmayıb."Bakı" rəsmiləri qonaqlara həmçinin klubun atributlarını təqdim edib.
Xatırladaq ki, nüfuzlu sərgi hələ sentyabrın 27-nə qədər davam edəcək. Sabah isə "Lans"la əməkdaşlıq müqaviləsinin təntənəli şəkildə imzalanması gözlənilir.
