26 sentyabr 2013 18:17
Sadiqov: Azarkeşlər də Neftçi - Qarabağ oyununa “Avropa derbisi” adı qoyub
“Neftçi”nin kapitanı Rəşad Sadiqov Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşacaqları “Qarabağ”la oyun öncəsi klubun rəsmi saytına danışıb. Azerisport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi bunları söyləyib:
“Həftə sonu “Qarabağ”la vacib oyuna çıxacağıq. Bu iki komandanın indiyə kimi keçirilmiş bütün Azərbaycan çempionatlarında çıxış etməsi çox şeydən xəbər verir. Bu komandalar arasındakı matçlar hər zaman böyük maraq doğurub. Ötən mövsümdə rəqib çempionluq yolunda sona kimi mübarizə aparsa da, həlledici anda biz güclü olduğumuzu sübut etdik. Artıq azarkeşlər də “Neftçi” - “Qarabağ” oyununa “Avropa derbisi” adı qoyub. Məncə də bu qarşılaşma avrokubokların pley-off, yaxud qrup oyunlarından heç nəyi ilə geri qalmır. Azarkeşlər bilsinlər ki, bizim uğurumuz onların dəstəyindən də asılıdır”.
