26 sentyabr 2013 14:01
Con Toşak: Buna hətta mən özüm də təsirləndim
“Sabah “Xəzər Lənkəran” üçün çox vacib bir oyundu. Belə vacib matçdan öncə azarkeşlərimizlə bəzi məsələləri paylaşmaq yerinə düşər. Son iki turda çox gözəl və vacib qələbələr qazandıq. Bu qələbələri qazanmaqla komandamız özünəinamını da geri qaytardı”.
Azerisport.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak deyib.
Uelsli mütəxəssis Junior Nildonun AZAL-la oyunda vurduğu qollarda azarkeşlərin əməyinin böyük olduğunu bildirib: "Mən bir daha vurğulmaq istəyirəm ki, əslində biz bundan öncəki matçlarda da pis təsir bağışlamamışdıq. Lakin bəxt tamamilə "Xəzər Lənkəran"dan üz döndərmişdi. Son oyunda Junior Nildonun iki qol vurması məni çox sevindirir. Bu qollarda azarkeşlərimizin rolu böyükdü. Çünki, Nildo son oyunlarda fərqlənə bilməməsinə rəğmən "Bakı" ilə ev matçımızda azarkeşlər onu elə dəstəklədilər ki, hətta mən özüm belə təsirləndim. Bu "Xəzər Lənkəran" azarkeşinin böyüklüyünü göstərir".
Toşak hələ çox iş görməli olduqlarını deyib: "Biz hələ çox iş görməmişik. Çalışmalıyıq və durmadan nöqsanlarımızı aradan qaldırmaqla güclü bir komanda yaratmalıyıq. Mənim vətənimdə belə bir xalq misalı var: "Qaranquş səmada görünürsə düşünmə ki, artıq yaz gəlib". Ona görə də indidən hisslərə qapılmaq olmaz. Sabah "Xəzər Lənkəran" çox güclü bir komanda ilə oynayacaq və bu oyun bizim üçün çox əhəmiyyətlidi. Buna görə də bütün "Xəzər Lənkəran" azarkeşlərinə səslənirəm: Sizi tribunada görmək istəyirik. Dəstəyinizi bizdən əsirgəməyin!".
Qeyd edək ki, "Xəzər Lənkəran" sabah "İnter"i qəbul edəcək. Lənkəran şəhər stadionunda keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.
