1 oktyabr 2013 18:35
Qəbələ Kiyev Dinamosuna qalib gəldi
"Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası Ukrayna Prezidenti Kubokunda çıxışını davam etdirir. Azerisport.az xəbər verir ki, “Artek" Beynəlxalq Uşaq İstirahət Mərkəzində keçirilən turnirin B qrupunun matçlarına yekun vurulub.
Dördlüyün son - üçüncü oyununda "qırmızı-qaralar" Kiyev "Dinamo"su ilə qarşılaşıb. Startdan finaladək üstün oyun nümayiş etdirən təmsilçimiz rəqibinə heç bir şans verməyib - 2:0.
Matçda hesabı Fərid Nəbiyev açıb. Dəqiq zərbə ilə toru silkələyən hücumçu aktivindəki qolların sayını 3-ə çatdırıb. Qarşılaşmanın hesabını müəyyənləşdirən qol isə Əli Sadıqovun ayağına yazılıb. Öncəki iki matçı bir məğlubiyyət ("Çernomorets", 2:4) və bir qələbə ("Real-Sukçes" (Moldova), 2:1) ilə bitirən "Qəbələ" bu nəticədən sonra qrup mərhələsini 6 xalla ilk pillədə tamamlayıb və yarımfinala adlayıb. "Çernomorets" 5 xalla ikinci, "Real-Sukçes" 4 xalla üçüncü, "Dinamo" isə 1 xalla sonuncu olub.
Xatırladaq ki, təmsilçimiz yarımfinal mərhələsində A qrupunda ikinci pilləni tutan komanda ilə qarşılaşacaq. Matç oktyabrın 3-ü Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
