4 oktyabr 2013 12:34
Tacikistan millisində oynamaq üçün AFFA-dan icazə istədi, Qırğızıstan yığmasına çağırıldı (FOTO)
Futbol üzrə gənclərdən ibarət Azərbaycan yığmasının sabiq üzvü İlqar Nəbiyev bundan sonra Qırğızıstan yığmasında çıxış edəcək. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinə düşməkdə çətinlik çəkən futbolçu hazırda Litvanın "Tauras" klubunda çıxış edir.
Artıq o, Qırğızıstan milli komandasına çağırılıb. Nəbiyev oktyabrın 11-də Küveytlə keçiriləcək oyuna dəvət olunub.
Qeyd edək ki, Nəbiyev bir müddət öncə Qırğızıstan mətbuatına müsahibəsində bəyan edib ki, Azərbaycan yığmasında AFFA-nın baş katibi Elxan Məmmədovla qohum olmadığına görə oynaya bilmir. Guya millimizdə çıxış edən digər futbolçular hamısı AFFA-da çalışanlarla qohumdu.
Belə yersiz açıqlamalarla özünü təmizə çıxarmağa çalışan Nəbiyev hələ bir il öncə Tacikistan yığmasında da oynamaq eşqinə düşmüşdü. O, hətta AFFA-ya yazılı müraciət edərək Tacikistan yığmasına oynamasına icazə verilməsini xahiş etmişdi. Amma İlqar taciklərə də lazım olmamışdı.
