5 oktyabr 2013 18:01
2 ildən sonra təkrarlanan seriya
Topaz Premyer Liqasının 9-cu turunda "Rəvan” "Xəzər Lənkəran”ı qəbul etdi. Azerisport.az xəbər verir ki, "Bayıl Arena”da keçirilən oyunda qalin müəyyənləşmədi. Bu görüş bir sıra cəhətləri ilə diqqət çəkdi.
Belə ki, "Rəvan” "Xəzər Lənkəran” ilə görüşdə heç-heçə etməklə evdə ardıcıl 3-cü dəfə "sülh” bağladı. Bir ara 26 oyunluq heç-heçəsiz seriya ilə yadda qalan “aslanlar” üçün doğma divarlar arasındakı bu cür seriya ilk hal deyil. Çünki Premyer Liqada iştirak etdiyimiz ilk mövsümdə (2011/12) 2-4-cü ev oyunlarında da dalbadal "sülh”ləri sıralamışdıq. Başqa sözlə, paytaxt klubu təxminən 2 ildən sonra yenə evdə 3 oyunluq heç-heçə seriyası ilə yadda qaldı.
"Rəvan” "Xəzər Lənkəran”a yenə evdə uduzmadı. Maraqlıdır ki, Bakıda keçirilən 4 oyunun hamısında komandalar ən çoxu 1 qol vurub. 3 halda qollar qarşılıqlı olduğundan heç-heçə qeydə alınıbsa, ötən mövsüm Bakı təmsilçisi lənkəranlıları 1:0 hesabı ilə üstələmişdi.
"Rəvan” Azərbaycan çempionatları çərçivəsində 25-ci dəfə heç-heçə oynadı. Bunlardan 7-si I divizionda, 18-i isə Premyer Liqada reallaşıb. Komanda Premyer Liqada evdə 50-ci qolunu buraxdığı görüşdə ümumilkdə 175-ci qolunu (I divizionda 86, Premyer Liqada 89) vurdu. Bu həm də "Rəvan”ın çempionat oyunlarındakı ev matçlarında rəqib qapısından keçirdiyi 90-cı (I divizionda 41, Premyer Liqada 49) top oldu.
Yubiley qolunun müəllifi olan Sohib Savankulov isə "Rəvan” forması ilə Premyer Liqada fərqlənən 24-cü oyunçu oldu. Tacikistan millisinə dəvət alan müdafiəçi həm də Premyer Liqada qol vurmuş ilk tacik futbolçu kimi tarixə düşdü. (klub saytı)
