7 oktyabr 2013 11:44
Arazın UEFA Kubokunun elit raundundakı bütün potensial rəqibləri
Futzal üzrə Azərbaycan çempionu “Araz”ın UEFA Kubokunun elit raundundakı bütün potensial rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, elit raunda vəsiqəni Belçika “Şatelino”su, Yunanıstan “Afina”sı və Rumıniya “Tarqu Mureş”i ilə mübairəzə əldə edən təmsilçimizin növbəti rəqibləri oktyabrın 18-də müəyyənləşəcək.
Püşkatma mərasimi Nyonda təşkil olunacaq. Həmin püşkatmada Naxçıvan klubu qaydalara görə əsas mərhələdə rəqibi olmuş “Tarqu Mureş”lə qarşılaşmayacaq. Əvəzində yığmamızın üzvü olan Rəcəb Fərəczadə və Rizvan Fərzəliyevin çıxış etdiyi İngiltərənin “Bakı Yunayted” klubunu mübarizədən kənarlaşdırmış Çexiya “Xrudim”i ilə Sloveniya “Litiya”sı təmsilçimizlə qarşılaşa bilər.
Maraq üçün bildirək ki, elit raundun oyunlarının Bakıda keçirilməsi də istisna deyil. Çünki Azərbaycan paytaxtı bu yarışı təşkil etməyə iddialıdı. Həmin qarşılaşmalar noyabrın 19-24-ü aralığında keçiriləcək.
Elit raundun bütün iştirakçıları:
Birbaşa vəsiqə qazananlar: “Kayrat” (Qazaxıstan), “Dinamo” (Rusiya), “Barselona” (İspaniya), “Sportinq” (Portuqaliya);
Əsas mərhələnin qrup qalibləri: “Viten” (Belarus), “Dyor” (Macarıstan), “Tulpar” (Qazaxıstan), Lokomotiv (Ukrayna), “Xrudim” (Çexiya), “Ekonomats” (Serbiya), “Araz” (Azərbaycan);
Əsas mərhələnin qrup ikinciləri: “Tanqo” (Bosniya və Herseqovina), “Litiya” (Sloveniya),
“Eyndhoven” (Hollandiya), “Tarqu Mureş” (Rumıniya), “Slov-Matik” (Slovakiya), “Lokomotiv” (Ukrayna).
Qeyd edək ki, bu klublar elit raundda 4 qrupa bölünəcəklər. Dördlər finalına yalnız qrup qalibləri yüksələcəklər.
