7 oktyabr 2013 15:46
Subaşiç: Şimali İrlandiya və Rusiya ilə oyunlarda iştirak edə bilməyəcəyimə görə təəssüflənirəm
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu, hazırda Türkiyənin “Orduspor” klubunda çıxış edən Branimir Subaşiç azerisport.az saytına müsahibə verib. O, öncə PTT Birinci Liqanın son turunda “Tavşanlı Linyitspor” üzərində qələbə qazandıqları oyundan danışıb.
Hansı ki, serb əsilli azərbaycanlı forvard qarşılaşmadakı yeganə qolun müəllifi olub: “Biz məşqlərdə tez-tez künc zərbələri üzərində çalışırıq. Dünənki oyuna qədər bunu çox təkrarlamışdıq. “Tavşanlı Linyitspor”la oyun asan alınmadı. Amma şadam ki, qol vura və komandama qələbə qazandıra bildim. Yeri gəlmişkən, hesab daha böyük ola bilərdi. Sadəcə, çox qol vura bilmədik”.
Qeyd edək ki, “Tavşanlı Linyitspor”da yığmamızın sabiq üzvü Usim Nduka ilə qapıçı Andrey Popviç də çıxış edir. Amma Popoviç bu görüşün iştirak ərizəsinə salınmamışdı. Nduka isə sonadək Subaşiçin komandasına qarşı mübarizə apardı: “Bizimkilərdən yalnız Ndukanı gördüm. O, mənə uğurlar arzuladı. Lakin ondan öncə çox güclü toqquşduq. Sonda hər şey yaxşı qurtardı. Popoviçi isə görmədim”.
Subaşiç Azərbaycan millisinin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya və Rusiyaya qarşı keçirəcəyi oyunlardan da danışıb: “Uşaqlara bu oyunlarda uğurlar arzulayıram. Seçmə mərhələnin son oyunlarında çıxış edə bilməyəcəyimə görə çox təəssüflənirəm. Qırmızı vərəqə almaq çox üzücüdü. Mən buna layiq deyildim. Amma yığmaya yenidən qayıtmağı çox istəyirəm. İstənilən halda uşaqlara uğurlar. Onlar Şimali İrlandiyanı məğlub edə bilərlər”.
Subaşiç yığmamızın oyunlarını canlı izləməyi arzuladığını, amma bunun mümkünsüz olduğunu söyləyib: “Mən yığmanı dəstəkləmək üçün məmnuniyyətlə Bakıya gələrdim. Amma qarşıda “Orduspor”un vacib oyunları var və onlara hazırlaşmalıyıq. Biz mövsümə pis başlamamışıq. İndi bunun davamını gətirməyə çalışırıq. “Orduspor”la Super Liqada çıxış etmək pis olmazdı”.
