9 oktyabr 2013 11:17
Vaqif Cavadov: Rusiyanı xalsız yola salmaq üçün əlimizdən gələni edəcəyik
Futbol üzrə Azərbaycan millininin futbolçusu, paytaxtın “İnter” klubunun kapitanı Vaqif Cavadov azerisport.az saytına müsahibəsində Azərbaycan - Rusiya matçından, Şimali İrlandiya ilə görüşdə qələbə qazanmaq şansımızdan danışıb.
- Yığmanın düşərgəsində vəziyyət necədi?
- Futbolçular böyük həvəslə hazırlaşır. Son 2 oyun bizim üçün çox vacibdi. Doğma divarlar arasında oynamaqla hər zaman uğurlu nəticə qazanmaq istəyirik. 2 oyuna maksimum güc sərf etməklə xalımızı artırmalıyıq. Hər iki oyun çətin olacaq. Həm Şimali İrlandiya, həm Rusiya qələbə qazanmaq arzusundadı. Amma biz öz futbolumuzu oynamaqla onlara problem yarada bilərik.
- 2 oyuna nə qədər xal toplamaq mümkündü?
- Rusiya ilə oyun barədə düşünməyin əleyhinəyəm. Biz hazırda bütövlüklə Şimali İrlandiya barədə düşünürük. İlk olaraq Britaniya təmsilçiləriylə görüşürük və bu oyunda qələbə qazanmaq istəyirik. Məhz bu oyundan sonra Rusiya haqda düşünmək olar. Səfərdə Şimali İrlandiya ilə çox yaxşı oynadıq. Sadəcə sonda qələbə hesabını saxlaya bilmədik. Bakıda daha yaxşı oynamaq imkanımız var.
- Rusiya ilə görüşdə hansı nəticəyə ümid etmək olar?
- Hər şeyi oyun göstərəcək. Biz istəyirik rəqibi xalsız yola salaq.
- Nəyə görə Azərbaycan və Rusiya arasında görüş hər zaman maraqla qarşılanır?
- Bu sanki derbi kimidi. Uzun müddət hamımız Sovet Respublikasında yaşamışıq. Hələ o vaxtlar “Neftçi”nin Moskva klublarıyla görüşlərində stadionda anşlaq olurdu. İndi isə yaxın münasibətləri olan iki dövlətin komandası mübarizə aparacaq. Bu oyuna həm Rusiyada həm bizdə böyük maraq olur. Çünki uzun müddət futbolumuz bir addımlayıb. İndiki halda isə müstəqilik. Fikrimcə bu dəfə də maraqlı oyunun şahidi olacağıq.
- Rusiya Hiddink vaxtı və indi Kapello dönəmində: fərq böyükdü?
- Rusiya həm Hiddink, həm də Kapello dönəmində güclü komanda olub. Müqayisə etmək çətindi. Ən azı heyətlər fərqlidi. Hiddinkin heyətində Arşavin lider sayılırdı. İndi yeni futbolçular var və oyunda da dəyişiklik hiss olunur. Bəzi futbolçular məhz Kapellonun dönəmində heyətə dəvət olundu. İtalyan mütəxəssis güclü məşqçi olduğunu hər zaman sübut edib.
- Bakıda vaxtı ilə yığmamızda oynayacağı gözlənilən Aleksandr Səmədov da meydana çıxa bilər. Amma Rusiyanın heyətində...
- Səmədov yaxşı futbolçudu. Vaxtı ilə çox istəyirdim ki, Azərbaycan yığmasının şərəfini qorusun. Amma o qərarını verdi. Hörmətlə yanaşmalıyıq. Bilirik ki, hansı səbəbdən bu qərarı verməliydi. Onun öz karyerası var və o istədiyi seçimi etməkdə sərbəstdi. Bizim üçün onun Bakıda meydana çıxması heç nəyi dəyişmir.
- Rusiya ilə görüşdə 3 xal onlara daha çox lazımdı. Çünki, biz dünya çempionatının final mərhələsinə çıxmaq barədə düşünmürük...
- Azərbaycan qrupda son pillədən qurtulmalıdı. Seçmə mərhələni son pillədə başa vursaq, pis nəticə sayılacaq. İndi hər şey öz əlimizdədi. 2 oyundan sonra turnir cədvəlində irəliləmək şansımız var. Komanda olaraq potensialımız düzgün istifadə etməliyik. Rusiyanı xalsız yola salmaq üçün əlimizdən gələni edəcəyik. Bu futbolda, güzəştdən söhbət ola bilməz.
