10 oktyabr 2013 13:27
Şahin Diniyev: Heç vaxt başqasının çaldığı havaya oynamamışam
“Rəvan”ın yeni baş məşqçisi Şahin Diniyev bu gün ictimaiyyətə təqdim olunub. Azerisport.az xəbər verir ki, o, tədbir zamanı jurnalistlərin suallarını cavablandırıb.
Diniyev öncə planlarını açıqlayıb: “Komandanı qarşıdakı oyunlara hazırlamaq, səviyyəni qaldırmaq lazımdı. Mənə vaxt lazımdı. 2,5 bəlkə də Azərbaycan futbolundakı ən uzunmüddətli müqavilədi. Nəticə qazanmağımız üçün klubun prezidentindən tutmuş ən adi işçisinə kimi hamı birgə çalışmalıdı. Bəhmən Həsənovun klubda qalmalı olduğunu düşünürəm. Mən buna normal baxıram. Bizim əsas hədəfimiz yaxşı oyun sərgiləməkdi. Yaxşı oyun olandan sonra, nəticə də olacaq. Yaxşı oyun olmayanda qazanılan nəticələr isə təsadüfi olur. Əgər biz rəqib komandadan yaxşı oynamayıb, qalib gəlsək, rəqib həmkarımdan üzr istərəm. Lakin bizə kiçik uğurlar lazım deyil. Əsas hədəf gələcəkdə daha böyük uğurlar qazana biləcək kollektiv yaratmaq, buna imkan verəcək oyun sərgiləməkdi”.
Diniyev “Rəvan”ın bundan sonra hansı taktiki sxemlə oynayacağını da bəyan edib: “Komanda hazırda 4-2-3-1 taktikasıyla oynayır. Cəmi altı xal toplamışıq. Güclü rəqiblərimiz isə çoxdu. Hazırda biz onlarla oyunlara hazırlaşırıq, onlar bizə qarşı yox”.
“Aslanlar”ın yeni baş məşqçisi heyətlə də bağlı danışı: “Mənim titullu futbolçum yoxdu. Kim daha yaxşı hazırlığa malik olacaqsa, o da oynayacaq. Etiraf edim ki, “Rəvan”ın oyunlarına getmirdim. Amma komandanın oyunlarının videoyazısına artıq baxmışam”.
“Klub prezidenti mənimlə söhbətində dedi ki, onlar heç bir baş məşqçini qovmayıblar. Onlar özləri postlarından gediblər. Mən də heç vaxt başqasının çaldığı havaya oynamamışam. Əgər sabah mən də rəhbərliyin qarşıma qoyduğu vəzifəni yerinə yetirə bilməsəm, özüm gedəcəm. “Gəncə”də çalışarkən orda nə şərait vardı, nə baza. Amma burda vəziyyət fərqlidi. Mən həm özümə, həm də rəhbərliyə güvənirəm”.
“Rəvan”da ulduz futbolçular olmayacaq. Yaxşı futbolçular toplamağa çalışacağıq. Çoxları daha çox pul verən klubları seçirlər. Uğursuzluqla üzləşəndə səhvi hakimlərdə, kənar amillərdə yox, özümüzdə axtarmalıyıq. İngiltərə futbol hakimləri daha çox səhvə yol verirlər. Uğursuzluq olacaqsa, bunun əsas günahı mənim və futbolçuların üzərində olacaq”.
