11 oktyabr 2013 11:55
Nazim Süleymanov: Şimali İrlandiya ilə səfər oyununu unutmaq lazımdı
Futbol üzrə Azərbaycan millisinin məşqçisi Nazim Süleymanov azerisport.az saytına müsahibəsində yığmanın hazırlığı və Şimali İrlandiya ilə oyundan danışıb.
- Futbolçuların hazırlığı hansı səviyyədədi?
- Futbolçuların hazırlığı normaldı. Əhval-ruhiyyə yaxşıdı. Hiss olunur ki, komanda son oyunlarda müsbət nəticə qazanmaq istəyir və buna hazırlaşır. Müəyyən mənada yorğunluq görünür. Çempionat oyunlarına görə yorğunluğun olması normal haldı. Bərpa məşqlərində onların optimal formanı yığacağına inanırıq. Məşqlərdə yorğunluq unudulacaq və seçmə oyunlara daha yaxşı hazırlaşacayıq.
- Şimali İrlandiya ilə səfər matçında yığma 1 xal qazandı. Doğma meydanda hansı nəticəni gözləmək mümkündü?
- Azərbaycan millisi Şimali İrlandiya ilə oyuna qələbə üçün çıxacaq. Amma rəqibi dəyərləndirmək vacibdi. Şimali İrlandiyanın ucaboylu futbolçuları var. Onlar hava mübarizələrində inamlı oyun nümayiş etdirir. Bu hal bizə müəyyən mənada problem yarada bilər. Azarkeş amilini unutmaq olmaz. İnanırıq ki, fanatlar stadionda komandamıza dəstək olacaq və uğurlu nəticəyə kömək edəcək.
- Səfərdə olduğu kimi evdə də inamlı oynamaq üçün nə lazımdı?
- Şimali İrlandiya ilə səfər oyununu unutmaq lazımdı. Həmin görüşün 96-cı dəqiqəsində qapımızdan qol buraxdıq. Bəzi hallarda bəxtimiz gətirdi, bəzi hallarda inamlı təsir bağışladıq. Bakıda bizə əzmkarlıq lazımdı. Rəqib ölkəmizə 3 xal qazanmaq üçün gələcək. Onlar ilk oyunu yaxşı analiz edəcəklər. Futbolçularımızın qələbə üçün potensialı var. Sadəcə öz oyunumuzu göstərməyi bacarmalıyıq.
- Ardınca Rusiya ilə oyun gəlir...
- Rusiya ilə oyun haqda danışmaq tezdi. İndidən fikrimizi yayındırmayaq. Hər şey Şimali İrlandiya ilə oyundan asılıdı. Həmin oyunun nəticəsi Rusiya ilə oyunun hazırlığına təsir edəcək.
- Sizcə Rusiya Kapellonun dönəmində çox dəyişib?
- Fabio Kapello Rusiya millsində müəyyən dəyişikliklər etdi. Yeni oyunçular cəlb etməklə oyunun sürətini artırdı. Kapellonun vacib xüsusiyyəti oyunun geşində nəticəyə təsir edən qərarlar qəbul etməsidi. Lazımi oyunçu dəyişikliyi etməklə oyunun tempinin aşağı salınmasına mane olur. Başa düşürük ki, Rusiya üçün Bakıda qazanılacaq 3 xal vacibdi. Lakin Azərbaycan üçün də xallar qızıla bərabərdi.
- Yəni Rusiyadan xal almaq mümkündü?
- Həm Şimali İrlandiya, həm də Rusiyadan xal almaq olar. Rusiya və Portuqaliya qrup birincisi kimi dünya çempionatına yollanmaq istəyir. Biz heç kimə kömək etmək fikrində deyilik. Ruslara xal bağışlamaq fikrimiz də yoxdu. Azərbaycan özü üçün oynayacaq.
- Yığma qrupda sonuncu yerdə qalsa necə olacaq?
- Azərbaycan qrup sonuncusu olmaq istəmir. Sözsüz ki, 5 xalla biz istəyimizə nail ola bilmərik. Şimai İrlandiya və Lyuksemburqun 6 xalı var. Qarşıda baş tutacaq 2 oyundan mümkün qədər çox xal qazanmalıyıq. Futbol proqnozu sevmir. Mən indidən yekun nəticə barədə nəsə deyə bilmərəm. Lakin futbolçularımızın sona qədər mübarizə aparacağına əmin ola bilərsiniz. Sonuncu pilləni mütləq tərk etməliyik.
