11 oktyabr 2013 13:36
Gələn həftə Super Kubok uğrunda oyunun biletləri satışa çıxa bilər
Peşəkar Futbol Liqasının rəsmiləri Naxçıvandakı stadiona baxış keçiriblər və yaradılan şəraitdən razı qalıblar. Azerisport.az saytına bu barədə məlumatı stadionun direktoru İbrahim Rzayev verib.
Onun sözlərinə görə əsas diqqət çəkən məqam təhlükəsizlik tədbirləri, ot örtüyünün vəziyyəti olub. Naxçıvan stadionunun direktoru İbrahim Rzayev Super Kubok matçının yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu deyib:
"Neftçi” və “Xəzər Lənkəran” Azərbaycanın ən güclü futbol klublarından sayılır. Onlar arasında matç həmişə maraqlıdı. Bu mənada Super Kubokun Naxçıvanda keçirilməsi böyük hadisədi. Biz möhtəşəm oyunu layiqincə keçirməyə çalışacağıq”.
İbrahim Rzayev stadionun oyuna hazır olduğunu söyləyib. Onun fikrincə gələn həftədən oyun üçün satışa çıxarılacaq biletlərin hazırlanmasına başlanacaq. Stadionun tutumu 12 800 nəfərdi. Super Kubokda təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetiriləcək. Hər iki komanda üçün lazımi şərait yaradılacaq. Stadionun direktoru yaxın günlərdə oyunun başlanma vaxtının dəqiqləşəcəyini bildirib.
Qeyd edək ki, Super Kubok uğrunda matçın günorta saatlarında keçiriləcəyi istisna deyil. Oyunun axşam saat 4-5 radələrində başlaması gözlənilir. Bu azarkeşlərin rahatlığı üçün atılacaq addımdı. Beləki, PFL digər şəhərlərdən gələcək azarkeşlərin axşam geri dönməsi üçün şərait yaratmış olur. Muxtar Respublikadan sonuncu təyyarə saat 21:00-da havaya qalxır. Oyunun vaxtı müzakirə olunanda məhz bu amil də nəzərə alınacaq.
Maraqlıdı ki, “Xəzər Lənkəran” və “Neftçi” Super Kubok üçün Naxçıvana azarkeş aparmaq niyyətində deyil. Klub rəhbərliyi fanatların Naxçıvana gəlməsini öz öhdələrinə buraxıb. Klublar Naxçıvana oyundan 1-2 gün əvvəl gəlməyi planlaşdırır. PFL isə medianın Super Kuboku işıqlandırması üçün jurnalistləri səfərə aparmağı planlaşdırır. Hələlik medianın səfərə təyyarə və ya avtobusla gedəcəyi məlum deyil.
