11 oktyabr 2013 14:24
“Yığmamız seçmə mərhələni qrup sonuncusu kimi bitirsə, bu, əsl faciə olacaq”
Futbol üzrə Azərbaycan yığmasının sabiq məşqçisi Elxan Abdullayev millimizin bu gün DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı keçirəcəyi oyun barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bildirib ki, komandamız son iki oyunda uğur qazana bilməsə, bu, əsl faciə olacaq:
“Mənə elə gəlir ki, bu gün futbolçularımız qrupda dördüncü yeri tuta bilməsələr, bu, faciə olacaq. Çünki vaxtında Lüksemburqa qalib gəlsəydik, indi bu vəziyyətdə olmazdıq. Yığmamız özü özünü bu vəziyyətə salıb, indi özləri də çıxış yolu tapmalıdılar. Son iki oyunda uğur qazana bilməsək, komandamız qrup sonuncusu olsa, məşqçisindən tutmuş futbolçusuna qədər hər kəs özünə bu sualı verməlidi: “mən yığmada oynamağa, çalışmağa layiqəmmi”? Şəxsən mən komandamızın Şimali İrlandiya və Rusiya ilə oyunlarda uğur qazanmasını çox istəyirəm. Yığmamız bu potensiala malikdi. Rusiya ilə oyundakı çıxışımız böyük ölçüdə Şimali İrlandiya ilə qarşılaşmanın nəticəsindən asılı olacaq. Əlbəttə, Rusiya üzərində qələbədən danışmaq gülməlidi. Mən buna inanmıram. İndi onların yığması bizimkindən çox güclüdü. Həm də ruslar qrup birincisi kimi DÇ-yə birbaşa vəsiqə qazanmağı hədəfləyiblər. Rusiya indiki heyətlə Bakıda asanlıqla üç xal qazana bilər. Amma əgər Şimali İrlandiyaya qalib gəlsək, ruslarla görüşə daha inamlı çıxmaq şansımız yaranacaq. Onda ən azından bu komandadan bir xal qoparmaq haqda düşünə bilərik. Əksinə, Şimali İrlandiya ilə oyunda xal itirsək, uduzsaq, komanda Rusiya ilə matça təzyiq altında çıxacaq”.
