13 oktyabr 2013 00:18
Böyükağa Hacıyev: Millimiz Rusiyaya qalib gəlsə, Foqtsu postunda saxlamaq olar
“Neftçi”nin sabiq baş məşqçisi, hazırda klub prezidentinin müşaviri olan Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində Azərbaycan - Şimali İrlandiya oyununu şərh edib, futbolçularımızın çıxışını analiz edib, Rusiya ilə son matç barədə danışıb.
- İlk olaraq Azərbaycan - Şimali İrlandiya görüşü barədə fikirlərinizi bilmək maraqlı olardı. Komandamızın qələbə qazanacağını gözləyirdinizmi?
- Azərbaycan millisi layiqli qələbə qazandı. Buna görə bütün yığmanı təbrik edirəm. Şimali İrlandiya meydana arxayın çıxmışdı. İlk hissədə çoxlu sayda qol vəziyyəti yaratdılar. Amma istifadə edə bilmədilər. Rəqib sanki istədiyi vaxt qol vura biləcəyini düşünürdü. Onlar Azərbaycanı düzgün qiymətləndirmədi. Futbolçularımız yaxşı oynadı, rəqibin səhvlərindən məharətlə faydalandı.
- Futbolçulardan kimi fərqləndirmək olar?
- Qalib gələn heyətdə heç kimi fərqləndirmirlər. Komanda kimi yaxşı oynadıq. Qapıçı Kamran Ağayev dəfələrlə komandamızı xilas etdi. Rauf Əliyev, Araz Abdullayev, Mahir Şükürov, Rəşad Sadıqov, Rüfət Dadaşovun oyununu qeyd etmək olar. Dadaşov yaxşı futbolçudu, buna görə milliyə xeyri çoxdu. Yığma üzvləri lazımi anda həlledici zərbəni vura bildilər. Qələbədə bəxt amili də rol oynadı. Şimali İrlandiya ilk hissədə qol vursaydı, oyun tam başqa cür olacaqdı. Unutmaq olmaz ki, rəqibin səhvləri işimizə yaradı.
- Yığma çox vaxt seçmə mərhələnin son oyunlarını yaxşı oynayır. Səbəb nədi?
- Azərbaycan futbolu son dövrlər inkişafdadı. Bu, mənim fikrimdi. Ölkədə kifayət qədər yaxşı futbolçu var. Hər halda yığma üçün 15-18 yaxşı futbolçu tapmaq çətin deyil. Bu gün material var, amma yaxşı məşqçi də lazımdı. Güclü məşqçi korpusu millini daha da gücləndirə bilər. Futbolçularımızın potensialı var, onu üzə çıxarmaq lazımdı.
- Bu oyunla Rusiyaya qalib gəlmək olar?
- Rusiya Şimali İrlanidiya deyil, fərqli komandadı. Unutmayaq ki, Rusiya daha səviyyəli oyun göstərəcək. Futbolçular eyforiyaya qapılmamalıdı. Əks halda bu amil bizə baha başa gələ bilər. Rusiya futbolunun inkişafda olduğu, yığmalarının nəyə qadir olduğunu bilirik. Bu mənada gərək ehtiyatlı olaq. Rusiyadan xal almaq mümkündü. Sadəcə ağılla oynamaq lazımdı.
- Rusiyaya qarşı qapalı futbol məsləhət görərdiniz?
- Qapalı futbol uğur gətirməz. Açıq futbol isə riskdi. Futbolçularımız mövqelərində səhv buraxmamalıdı. Rəqibə boş zona vermək olmaz. Yoxsa oyun nizamı pozula bilər. 90 dəqiqə intizamlı oyunla Rusiyanı saxlamaq mümkündü. Üstəlik unutmayaq ki, İsrail Portuqaliya ilə heç-heçə oynadı. Rusiya bir qədər arxayın oynaya bilər. Bu isə bizim xeyrimizədi.
- Milli Rusiyaya qalib gəlsə, Berti Foqtsun müqaviləsi yenidən müzakirə oluna bilər. Sizcə alman məşqçi qalmalıdı?
- Yığmanın uğurlu çıxışı futbolçuların potensialının göstəricisidi. Amma demək olmaz ki, Foqts heç bir iş görməyib. Əlbəttə, onun də qələbədə rolu var. Azərbaycan millisi Rusiya üzərində qələbə qazansa, Berti Foqtsu saxlamaq lazım olacaq. Yalnız qələbə olacağı təqdirdə. Heç-heçə olsa, bu barədə sadəcə düşünmək mümkündü. Milli seçmə mərhələdə 11 xal toplasa, onun müqaviləsini artırmaq olar. Çünki, bu halda heç kim ona söz deyə bilməz.
- Foqtsun yalnız indi millini tanıdığı hiss olunur...
- Əgər Rusiyaya qalib gəlsək, deməli Berti Foqtsun adaptasiyası başa çatdı. Alman məşqçiyə Azərbaycan futbolunu tanımaq üçün 6 il vaxt lazım oldu. Yeni müqavilədə yeni bəndlər olmalıdı. Alman məşqçi Azərbaycanda daha çox vaxt keçirməlidi, çempionat oyunlarını izləməlidi. Eyni zamanda təzminat məsələsi də yazılmalıdı. Elə bənd əlavə olunmalıdı ki, seçmə mərhələnin ortasında müqaviləni ikitərəfli qaydada pozmaq mümkün olsun. Daha ona təzminat ödəməyək. Yoxsa Berti Foqts yeni razılaşmadan sonra gedib Almaniyada rahat oturacaq.
