13 oktyabr 2013 12:34
Simurq Sumqayıt üzərində qələbəyə sevindi
Topaz Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar “Simurq”la “Sumqayıt” sınaq matçında üz-üzə gəlib. Azerisport.az xəbər verir ki, bu iki komandanın dueli Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ərazisində yeni tikilmiş meydançada baş tutub.
İlk hissəsi qolsuz heç-heçə ilə bitən görüşün sonunda sevinən tərəf Zaqatala təmsilçisi olub. "Sarı-qaralar"ın qollarını Nicat Qurbanov və İdan Vaytsman vurub. Növbəti turda "Xəzər Lənkəran"la qarşılaşacaq komanda üçün bu görüşdə start heyəti müəyyənləşdirmək məşqçilər korpusunun başlıca məqsədlərindən biri idi. Çünki cəzalı və zədəli futbolçuların çoxluğu baş məşqçi Georgi Çixradzeni düşündürən məsələlərdən biri idi. Gürcü mütəxəssis bu görüşdə əvəzedi heyətdəndə bir neçə futbolçuya şans tanımışdı. İlk hissədə ev sahibləri qonaqların qapısı ağzında daha çox təhlükəli qol vəziyyətləri yaratsa da, təcrübəli qapıçı Pavel Kapsanın ustalığına söz ola bilməzdi. Dəqiqələr ötdükcə isə artıq "Simurq" oyunda üstünlüyü ələ alır və xüsusən cinahlardan Orxan Səfiyaroğlunun, Nicat Qurbanovun keçidləri rəqib müdafiəsinə çətin anlar yaşadırdı. Ancaq buna baxmayaraq komandalardan heç biri fasiləyə qədər hesabı açmağın yolunu tapa bilmədilər.
İkinci hissədə isə azərkeşlər üç qolun şahidi oldu. Öncə Nicat Qurbanov təkbaşına rəqibin müdafiə xəttini yararaq qapıya endirdiyi zərbə ilə hesabı açdı. Gənc futbolçunun bundan sonrada bir neçə dəfə hesabı artırmaq üçün şansları olsa da, bu imkanlardan yararlana bilmədi. Onun əvəzində isə israilli müdafiəçi İdan Vaytsman komandasının ikinci qolunu vurdu. Daha sonra baş məşqçi gənclərə üstünlük verdi. Əvəzedici heyətdə forma geyinən qapıçı Rəşad Əzizli, yarimmüdafiəçilər Ruslan Getman, Cavad Kazımov, Sahib Abbasov və hücumçu Ziyabil Məmmədov özlərin göstərmək üçün şans əldə etdilər. Hətta bir neçə vəziyyətdə hesabı artırmaq üşün gözəl imkan yaratsalar da, bunlardan yararlana bilmədilər. Əvəzində isə oyunun son dəqiqələrində “Sumqayıt” Mirzağa Hüseynpurla fərqi minimuma endirərərək, görüşün nəticəsini müəyyənləşdirdi – 2:1.
Bu oyundan sonra məşqçilər korpusu gərgin məşqlərə ara verərək yetirmələrinə bir günlük istirahət verib. Yeni həftənin ilk günündən isə "Xəzər Lənkəran"la görüşün hazırlıqlarına qalan yerdən davam ediləcək.
