15 oktyabr 2013 10:30
İqor Semşov: Azərbaycanlılar evdə ikiqat təhlükəlidirlər
Rusiya yığmasının keçmiş yarımmüdafiəçisi İqor Semşov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı oyunla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, yığmamızla ilk görüşündə iştirakını xatırlayan Semşov bunları söyləyib:
“Bu görüşü çox yaxşı xatırlayıram. İlin ilk rəsmi oyununu keçirirdik, “Lujniki” stadionunda oynayırdıq və stadion dolu idi. Əsas tapşırıq erkən qol vurmaq idi ki, sonradan çıxılmaz vəziyyətə düşüb tələsməyək. Debütdə fərqlənmək heç mümkün olmasa da, fasiləyə hesabda irəli yollandıq. Sonra hesabı artıra bildik və yalnız oyunun sonunda azərbaycanlı oyunçulardan kimsə dirəyi nişan aldı. Bu, onların ilk və son şansı idi. Bir sözlə, oyuna bütünlüklə nəzarət edirdik”.
Azərbaycan yığması o vaxtdan çox dəyişib?
Mənə müqayisə etmək çətindir. Ancaq elə də çox vaxt keçməyib və məşqçi də həmin Berti Foqtsdur. O zaman Azərbaycan komandası bərk, güzəştsiz, qapağan komanda idi. Həmçinin, demək olar ki, bütün MDB ölkələri ilə görüşlər prinsipial alınır. Evdə isə azərbaycanlılar ikiqat təhlükəlidirlər. Şimali irlandiyalılar bunu Cümə günü hiss etdilər.
