Aliyə Qarayeva Moskvada üçüncü oldu
1 mart 2011 17:11

Azərbaycan gimnastı Aliyə Qarayeva Moskva Qran-prisində halqa ilə hərəkətlərdə üçüncü yeri tutub. Azerisport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, mürəkkəb proqramı səhvsiz yerinə yetirdiyinə görə hakimlərdən 27.2 bal toplayıb.
Lakın bu, ikinci yeri tutmaq üçün bu yetərli olmayıb. Qazaxstanlı Anna Alabyeva Qarayevanı keçməyi bacarıb. Rusiyalı Yevgeniya Kanayeva isə birinci yerə yüksəlib. Digər finalda lentlə hərəkətlərdə isə Qarayeva 5-ci yeri tutub.
Moskvada Azərbaycan yığması həm yuniorlar (yeniyetmələr), həm də seniorlar (böyüklər) arasında yarışlarda təmsil olunub. Qran-pri çərçivəsində qrup hərəkətləri üzrə yarışlar da keçirilib. Lalə Yusifova, Ayşə Mustafayeva, Mənsurə Bağıyeva, Aynur Cabbarlı, Siyana Vasileva və Yekaterina Prokopenkodan yeniyətmələrdən ibarət qrup komandamız 5 iplə iki gümüş medal qazanıb.
Ceyla Quliyeva, Anastasiya Prasolova, Cəmilə Hüseynova, Ayelita Xələfova, Səbinə Abbasova və Stefani Trayanovadan böyüklərdən ibarət qrup komandamız isə 5 topla və çoxnövçülükdə iki gümüş medal qazanıb.
Bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva qeyd edib ki, öz yetirmələrinin çıxışından ümumilikdə razıdı: "Moskvada öz qüvvəmizi və rəqiblərimizin vəziyyətini qiymətləndirə bildik. Mövsümün ilk yarışlarında idmançılarımız yeni proqramlar nümayiş etdirdilər. Onlar peşəkarlar tərəfindən yüksək qiymətləndirildi. Mütəxəssislərin xoşuna gələn yeniyetmələri xüsusi qeyd etmək istəyirəm. Yeniyetmələr Ləman Hacızadə (1999-cu il təvəllüdlü), Gülsüm Şəfizadə və Ləman Dadaşlı (1998-ci il) komanda hesabında 6-cı yeri tutdular. Bir həftə öncə isə Budapeştdə Ləman və Gülsüm ikinci yerləri qazandılar. Qrup yarışında mübarizə aparan gimnastların ümumi hesabında dörd gümüş medal var. Bu, qarşıdakı Avropa çempionatı üçün yaxşı nəticədi”.