Aliyə Qarayeva Qran-pri mərhələsində gümüş medal qazandı
3 aprel 2012 00:18
Azərbaycan gimnastı Aliyə Qarayeva Fransanın Tye kantonunda gimnastika üzrə Qran-pri yarışlarının ikinci mərhələsində gümüş mükafat qazanıb. Azerisport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, milli komandamızın lideri lent ilə hərəkətlərin finalında ikinci yeri tutub.
Bir sıra mütəxəssislərin yekdil fikrincə, Aliyə bu yeganə mükafatı rusiyalı gimnastlarla kəskin rəqabət şəraitində qazanıb. Qarşıdan gələn iri yarışlar ərəfəsində bu mükafat xüsusi əhəmiyyət kəsb edir. Fəxri kürsünün bütün pillələrində rusiyalı gimnastların dayanması faktını nəzərə alsaq deyə bilərik ki, A.Qarayeva əslində çoxnövçülükdə də ikinci nəticə göstərib.
Qran-pri mərhələsində ölkəmizin digər təmsilçisi olan qrup komandasının bəxti o qədər də gətirməyib. Hakimlərin qərarına əsasən, çoxnövçülükdə yalnız 11-ci yerlə kifayətlənməli olmuş komandamız bazar günü keçirilən final yarışlarında iştirak edə bilməyib. Lakin milli yığma komandanın baş məşqçisi Mariana Vasilevanın dediyinə görə, qızlarımız ruhdan düşmür və aprelin 13-15-də Pesaroda (İtaliya) keçiriləcək Dünya Kuboku mərhələsində uğurla çıxış edəcəyinə ümid bəsləyirlər.
Müxtəlif Qran-pri və dünya kuboklarında iştirak etməyi hələlik yalnız arzulayan yunior gimnastlarımız isə Alina Kabayevanın xeyriyyə fondu tərəfindən Nijnekamskda təşkil edilmiş beynəlxalq Alina-2012 festivalının seçmə turnirində çıxış ediblər. “Kuklalar” adlı nümunəvi çıxış proqramı yerli tamaşaçılar və ciddi münsiflər heyəti tərəfindən çox yaxşı qarşılanmış qızlarımızın fərdi göstəriciləri də onların pərəstişkarlarını sevindirib.
Məsələn, 12 yaşlı Jalə Piriyeva öz yaşıdları arasında ən yüksək nəticə göstərib. Gülsüm Şəfizadə (1998) ikinci yeri tutmuş, 15 yaşlı Mənsurə Bağıyeva isə öz yaş kateqoriyasında üçüncü mükafata layiq görülüb.