19-cu Azərbaycan çempionatı startını gözləyir
18 iyun 2012 16:57

İyunun 27-də Bakıda bədii gimnastika üzrə 19-cu Azərbaycan çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışlarda 25 gimnast iştirak edəcək.
Bunlar həm böyüklər, həm də 1997-1999-cu il təvəllüdlü idmançılardı. Gimnastlar mütləq çoxnövçülük və ayrı-ayrı proqram növlərində medallar uğrunda mübarizə aparacaqlar.
Ardıcıl 4 ildir Azərbaycan çempionu olan Aliyə Qarayeva bu dəfə də titulunu qorumağa çalışacaq. Aliyə yarışlarda avqustun əvvəlində London Olimpiadasında təqdim edəcəyi proqramla çıxış edəcək.
Birincilik uğrunda onun əsas rəqibləri Lalə Yusifova və Ayşə Mustafayeva olacaq. Adıçəkilən idmançılar bu ildən böyüklər kateqoriyasına keçiblər.
Çempionatda "Neftçi"nin gimnastları ilə yanaşı, Respublika İdman Məktəbi Kompleksi və "Spartak"ın idmançıları, habelə Bakı Gimnastika Məktəbi, "Sərhədçi", Gəncə, Sumqayıt və Xırdalan gimnastları çıxış edəcəklər.
Hakimliyin səviyyəsini yaxşılaşdırmaq və obyektivliyi təmin etmək məqsədilə Azərbaycan hakimləri ilə yanaşı, Azərbaycan Gimnastika Federasiyasının çempionata dəvət etdiyi 5 əcnəbi "ədalət qoruyucusu" da idmançıların çıxışını qiymətləndirəcək.