Millimizin məşqçiləri beynəlxalq kateqoriya alıblar
11 sentyabr 2012 01:12

Bədii gimnastika üzrə Azərbaycan yığmasının iki mütəxəssisi Kamilə Məmmədova və Anastasiya Prasolova Beynəlxalq Gimnastika Federasiyası Akademiyasının (FIG) məşqçilər üçün təşkil etdiyi seminardan qayıdıblar. Azerisport.az xəbər verir ki, başqa iştirakçılarla birlikdə, azərbaycanlı mütəxəssislər Portuqaliya paytaxtında keçirilən həftəlik kursları uğurla dinləyiblər.
Seminar ərzində məşqçilər nəzəri və praktiki imtahanlar veriblər. Onlar birinci səviyyəli beynəlxalq məşqçi kateqoriyasına yiyələnib və müvafiq sertifikatlarla təltif ediliblər.
Bununla yanaşı, Məmmədova verilmiş mövzu üzrə tapşırığın təqdimatını uğurla aparıb və buna görə kursun təşkilatçılarından ən yüksək qiymət alıb.
Məmmədova, həmçinin Qusarda bədii gimnastika seksiyasına rəhbərlik edir. Prasolova isə Bakıda yığmanın bazasında milli komandanın baş məşqçisinə kömək edir.