Azərbaycanlı hakim beynəlxalq dərəcə aldı
10 dekabr 2012 13:55

Bədii gimnastikada Azərbaycanı təmsil edən iki hakimin ardınca idman gimnastikası üzrə milli hakim beynəlxalq dərəcə alıb. Azerisport.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının məlumatında deyilir.
2013-2016-cı illərdəki bütün beynəlxalq yarışlarda Rza Əliyevin nişanında "2" rəqəmi gözə çarpacaq. Cari dövrdə bu, üçüncü kateqoriya olub.
Belə qərar Bratislavada keçirilən hakimlər üçün qitələrarası kursların nəticəsinə görə qəbul edilib. Beynəlxalq federasiyanın (FIG) idman gimnastikası üzrə Texniki Komitəsi tərəfindən təşkil edilmiş seminar ərzində Əliyev yeni qaydalar üzrə praktik kurs dinləyib və test imtahanını müvəffəqiyyətlə verib.
Rza Əliyevin beş illik stajı ərzində dördüncü dərəcəli hakim kateqoriyasından indiki mərhələyə qədər yol keçməsi faktını onun Londonda keçirilmiş Olimpiya oyunlarında arbitraj kollegiyasına xüsusi dəvət olunması və iştirakı bir daha təsdiq edir.
İkinci dərəcəli hakim əldə etdiyi bacarıqları Azərbaycan çempionatı ərəfəsində həmkarları ilə bölüşəcək.
"Dekabrın 22-23-də Gimnastika Federasiyası "Hövsan " Olimpiya İdman Kompleksində eyni vaxtda üç növ - idman gimnastikası, akrobatika və tamblinq üzrə birləşdirilmiş yarış keçirəcək. Belə üç hissədən ibarət yarış ilk dəfə olaraq keçiriləcək və buna görə biz ona üçqat məsuliyyətlə hazırlaşırıq. Mən" yerli hakimlər üçün seminar keçirəcəyəm və orada bütün son yeniliklər haqqında təfərrüatı ilə danışacağam", - Əliyev qeyd edib.