Aliyə Qarayevanın iştirakı ilə qala-konsert təşkil olunacaq
20 iyun 2013 17:54

İyun ayının 24-25-də bədii gimnastika üzrə 20-ci ölkə birinciliyinin keçirilməsi planlaşdırılıb. Azerisport.az xəbər verir ki, yarışlarda 133 (!) fərdi gimnast iştirak edəcək, onlar 6 yaş kateqoriyasına və 7 qrup komandasına bölünəcək.
Bunlar senior və yuniorlar, həmçinin 2001-2002, 2003, 2004 və 2005-ci il təvəllüdlü iştirakçılardır.
İdmançılar yalnız mütləq çöxnövçülükdə medallar uğrunda mübarizə aparacaqlar. "Neftçi" və Bakı Gimnastika Məktəbi, Respublika İdman Məktəbi Kompleksi, "Spartak" klubu, "Sərhədçi" İdman Cəmiyyəti, "Bakı" və Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin gimnastlarından başqa, Xırdalan, Qusar, Gəncə və Sumqayıt idmançıları da yarışacaqlar, İsmayıllı gimnastları isə yalnız Qala-konsertdə məharətlərini göstərəcəklər. Qala-konsert Avropa çempionu, dünya vitse-çempionu, Olimpiya Oyunlarının ikiqat iştirakçısı və Azərbaycanın 5 qat mütləq çempionu Aliyə Qarayevanın böyük idmanla vidalaşmasına həsr ediləcək.