Gimnastikanın daha iki növü Bakıda keçiriləcək Avropa Oyunlarının proqramına salındı
21 sentyabr 2013 00:06
Gimnastikanın daha iki növü - akrobatika və aerobika 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının proqramına salınıb. Azerisport.az xəbər verir ki, bu barədə Avropa Olimpiya Komitəsi (EOC) və Avropa Oyunlarının Bakı Əməliyyat Komitəsi (BEGOC) birgə qərar verib.
Akrobatika üzrə yarışlarda qarışıq cütlüklər və qadınlardan ibarət qruplar təmsil olunacaq. Aerobika üzrə yarışlarda da qarışıq duet və tərkibində beş gimnastdan ibarət qruplar çıxış edəcək. 2015-ci il Avropa Oyunlarında iştirak etmək üçün aerobika üzrə seçmə mərhələ bu ilin noyabr ayında Fransada keçiriləcək Avropa Çempionatında başlayacaq.
Bununla da gimnastika Bakıda keçiriləcək Avropa Oyunlarında altı növlə təmsil olunacaq: "Bədii gimnastika, kişi və qadınlar üzrə idman gimnastikası, batut üzərində tullanma, akrobatika və aerobika. Yarışlar 12-28 iyun 2015-ci il tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.