Bədii gimnastika üzrə 20-ci ölkə çempionatı başlayıb
19 noyabr 2013 13:00
Bu gün İsmayıllı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 20-ci ölkə çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, yarışda 16 idmançı (həm böyüklər, həm də 1998-2000-ci təvəllüdlü yeniyetmələr) iştirak edir.
Gimnastlar mütləq çoxnövçülük və ayrı-ayrı növlər üzrə medallar uğrunda mübarizə aparırlar.
Tədbiri gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov açıq elan edib. Çıxışında o, bədii gimnatikanın son illərdə qazandığı uğurlardan söz açıb. İsmayılov deyib ki, indi nəinki paytaxtda, bölgələrdə də istedadlı idmançılar yetişir.
Dövlət himni səsləndirildikdən sonra, mübarizə başlayıb. Son 5 ilin dəyişməz çempionu Aliyə Qarayeva London olimpiadasından sonra karyerasını bitirdiyi üçün, indi rəqabət Marina Durunda ilə Lalə Yusifova arasında gedir.
Bu idmançılar artıq ilk çıxışları ediblər. Adı ilk çəkilən gimnast halqa proqramda 18, 93 xal yığıb. Onun əsas rəqibi Lalə Yusifova daha yaxşı çıxış edib. O, gürzlərlə hərəkətlərdə hakimlərdən 19, 17 xal alıb.
Qeyd edək ki, çempionatda Respublika Kompleksi İdman Məktəbi və "Baku Fleyms" klubunun gimnastları ilə yanaşı, "Neftçi" İSM, Bakı Gimnastika Məktəbi, "Spartak" və "Sərhədçi" klublarının təmsilçiləri də çıxış edirlər.
Çempionata maraq, onun yenidən iki il əvvəl olduğu kimi paytaxtdan kənarda keçirilməsi ilə daha da artıb. AGF-in vəzifələrindən biri təkcə Bakıda deyil, Azərbaycanın ayrı-ayrı regionlarında da gimnastikanın inkişaf etdirilməsidir. Son illər ərzində paytaxtın hüdudlarından kənarda bir neçə bölmə açılıb ki, onlar da inkişaf edir və nəticə verirlər.
Nəhayət, çempionata ən yaxşı gimnastların, eləcə də İsmayıllı təmsilçilərinin ifasında Qala-konsertlə yekun vurulacaq.