Azərbaycan gimnastikasının qızıl ili
27 dekabr 2013 12:33
Geridə qalmaqda olan 2013-cü ildə gimnastika üzrə bütün Azərbaycan yığmalarının üzvləri 85 müxtəlif əyarlı medallar qazanıblar ki, bunlardan 32-i qızıl, 26-ı gümüş, 27-i isə bürünc medaldır.
Azerisport.az milli gimnastika federasiyasının (AGF) mətbuat xidmətinə istinadən xəbər verir ki, əsas titul qismində gənc komandanın gümüş mükafatı xüsusi ilə diqqətçəkəndir. Vyanada keçirilmiş AÇ-nin finalında Nilufər Niftəliyeva, Gülsüm Şəfizadə, Səbinə Hümmətova, Aleksandra Platonova, Emilya Bagiyeva və Aynur Mustafayeva ikinci yer tutublar.
Marina Durunda isə fərdi hesabda qazanılmış mükafatların sayına görə liderdir. Gimnastımızın hesabında 4-ü qızıl olmaqla, 14 medal var. Aliyə Qarayevanın idmandan gedişi ilə müşayiət olunan nəsildəyişmə prosesi uğurla həyata keçdi və Durunda, həmçinin, komanda yoldaşı Lalə Yusifova DÇ və AÇ-nin finalında effektli çıxışları ilə yadda qaldılar.
Gimnastikanın digər növlərində gənc gimnastlar Kamran Hacıyev, Anton Yaşin, akrobatlar cütlüyü - Aynur Hüseynova və Nərmin Ramazanova, Lalə Hüseynova və Xoşqədəm Quliyeva, Elçin Əlibəyov və Emin Gülməmmədli, həmçinin, akrobatik cığırında hoppanma mütəxəssisi Mixail Malkin sabit olaraq müxtəlif yarışların qalib və mükafatçıları olublar.
AGF daha iki olimpiya növünü inkişaf etdirməyə təkan verib - qadın bədii gimnastikası və batut. Bu növdə ilk medallar qazanılıb. Anna Pavlova isə “qızıl”a yiyələnib.
Bu əsnada, Milli gimnastika arenasının inşası başa çatır. Arena 2014-cü ildə bədii gimnastika üzrə AÇ-ni, həmçinin, Avropa oyunları-2015-i qəbul edəcək.
Beynəlxalq aləmə gəlincə, Bakını Avropa gimnastika ittifaqının (UEG) və Beynəlxalq gimnastika federasiyasının (FIG) rəhbərliyi ziyarət edib. Paytaxtımızda məşqçilər üçün FIG Akademiyasının 1-ci səviyyəli seminar kursu keçirilib. Həmçinin, 2-ci səviyyəli seminar kursunun 2014-cü il yanvarın 11-18-i aralığında keçiriləsi nəzərdə tutulub. Azərbaycan 2019-cu ildə keçiriləcək bədii gimnastika üzrə DÇ-yə ev sahibliyi etmək hüququnu qazanıb. Qadın cütlüyünün tərkibində AÇ-2009-un çempionu Ayla Əhmədova FIG atletlər komissiyasının prezidenti seçilib. AGF təmsilçisi Mehman Əliyev FIG intizam komitəsinə üzv qəbul edilib. AGF baş katibi Fərid Qayıbov isə UEG-nin vitse-prezidenti seçilib.