Gimnastlarımız Estoniyadan 12 medal gətirdi

Bu həftəsonu Estoniyanın Tartu şəhərində yekunlaşan bədii gimnastika üzrə “Miss Valentine” adlı beynəlxalq turnirdən idmançılarımız 5 qızıl, 5 gümüş və 2 bürünc medal gətiriblər. Azerisport.xəbər verir ki, 4 çıxışın nəticəsinə görə, həmçinin ayrı-ayrı alətlərdə - halqa, top və gürzlərlə yeniyetmə gimnastımız Jalə Piriyeva 4 qızıl medal qazanıb.
Böyüklər kateqoriyasında çıxış edən gimnast Marina Durunda da gürzlərlə hərəkətlərdə qızıl medal əldə edib. Bundan əlavə o, ümumi hesaba çoxnövçülük və halqa ilə hərəkətlərdə 2 gümüş medal, həmçinin lent və topla ilə hərəkətlərdə 2 bürünc medal yazdırıb.
Böyüklərdən ibarət qrup hərəkətləri komandamız da çoxnövçülükdə, lent ilə hərəkətlərdə və gürzlər-halqa ilə kombinasiyada 3 gümüş medal qazanıb.
Bu səfər gimnastlarımızın hava şəraiti əlaqədar olaraq, İstanbul hava limanında 30 saat qalmaqları ilə yadda qalıb.
Digər 2 gimnastımız Gülsüm Şəfizadə və Ayşən Bayramova isə Moskva hava limanına uğurla eniblər. Moskvada “Qran-pri” yarışlarında çıxış edən Şəfizadə 4 çıxışın nəticəsinə görə 7-ci yerdə qərarlaşıb, həmçinin top və lent ilə finallara çıxmağa müvəffəq olub. Onunla paralel gedən beynəlxalq yarışda isə Ayşən Bayramova 7-ci yerdə qərarlaşıb.