Mariana Vasilevna: Marina Durundanın uğuru hamımızı sevindirdi

Bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasilevna azerisport.az saytına müsahibəsində Minskdə keçirilən 31-ci Avropa çempionatının yekunları barədə danışıb.
- Gimnastların Avropa çempionatında çıxışını necə qiymətləndirirsiniz?
- İlk olaraq qrup hərəkətləri üzrə yeniyetmələrin çıxışından başlayaq. Onlar qitə birinciliyində Maykl Ceksonun məşhur musiqisi sədaları altında kompozisiya nümayiş etdirdilər. Qızlar sözün əsl mənasında hamını valeh etdi. Sadəcə olaraq layiqli qiymətlərini almadılar. Yekunda qrup hərəkətləri üzrə yığmamız 4-cü oldu. Hərçənd onlar medala layiq idilər. Onlar mükafatçılar sırasından kənarda qalmasında günahları yoxdur. Biz hər zaman olduğu kimi yolumuzu davam etdirəcəyik. Komandamız bundan sonra da güclənəcək və daha yaxşı çıxış edəcək. Mənm istərdim gözəl çıxışa görə qrup hərəkətləri üzrə komandanın üzvləri İlahə Məmmədova,Züleyxa İsmayılova, Darya Sorokina,Simara Çəfərova və Fatimə Cəfərovaya təşəkkür edib. Federasiya rəhbərliyi bizə lazımi şəraiti yaradıb. Ona görə hər yarışda yüksək yerlər uğrunda mübarizə aparamağa hazırıq.
- Ayşən Bayramova üçün Avropa çempionatı xüsusi önəm daşıyırdı. Ondan razı qaldınız?
- Əvvəlcədən Gülsüm Şəfizadənin çıxışı planlaşdırılırdı. Lakin sonradan onu Ayşən Bayramova əvəz etməli oldu. Ayşən bizim etimadı doğrultdu. Çətin hərəkətləri layiqincə, səhvsiz yerinə yetirdi və 16-cı oldu. Bu nəticə ona gələn il keçiriləcək Avropa çempionatında iştirak etmək imkanı qazandırdı. Yeni qaydalara əsasən ilk 20-də qərarlaşan gimnastlar növbəti il keçiriləcək yarışa vəsiqə əldə edir. Ayşənin böyük potensialı var. Avropa çempionatında ona bəslənilən ümidi doğrultdu.
- Marina Durundanın medal qazanacağını gözləyirdiniz?
- Hər bir məşqçi kimi mən də gimnastımızdan medal gözləyirdim. Yığmamızın bir nömrəsi Avropanın güclülərindən olduğunu sübut etdi. Lentlə çıxışdə Azərbaycan musiqisi sədaları altında etdiyi hərəkətlər hamını valeh etdi. Marina karyerasında ilk dəfə Avropa çempionatında fərdi qaydada medala layiq görüldü. Durundanın uğuru hamımızı sevindirdi. Biz ondan daha böyük uğurlar gözləyəcəyik.
- Avropa çempionatı zamanı 3 dəfə hakim qərarlarına etiraz etmisiniz. Bu nə ilə əlaqədardı?
- Gimnastlarımız layiq olduğu qiyməti almayanda bu bizə təsir edir. İstənilən hərəkətə görə mübarizəmiz davam edəcək. Əgər biz güclüyüksə deməli layiq olduğumuz xalı qazanmalıyıq. Buna görə Minskdə 3 dəfə etiraz etməli olmuşam. Sonuncu dəfə Marina Durundanın son çıxışına etiraz etdik. Bu dəfə hakimlər haqlı olduğumuzu etiraf edərək Durundanın xalını düzəltdi. Bu halda o bürünc medal qazandı. Azərbaycan gimnastları yarışdan yarışa güclənir. Sözsüz artıq digər ölkələr bizi ciddi rəqib kimi qəbul edir. Amma biz güclü olduğumuz halda layiq olduğumuz mükafatı əldə etməliyik.
- Avropa Oyunlarında gimnastlarımızdan hansı yenilikləri gözləyək...
- Kompozisiyalarımızı daha gücləndirəcəyik. Azərbaycan mötəbər Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək. Bizim idmançılar da bu yarışda layiqincə çıxış etməyə çalışacayıq. Bakıda gimnastikasevərləri sevindirməliyik.
- Artıq gimnastların Avropa Oyunlarında iştirak edəcək heyəti məlumdur?
- Fərdi qaydada iki gimnastımız mübarizə aparacaq. Bunlardan biri Marina Durunda olacaq. O artıq yığmanın lideri olduğunu dəfələrlə təsdiqləyib. İkinci nömrə kimi Gülsüm Şəfizadə nəzərdə tutulurdu. Lakin son yarışda Ayşən Bayramova parlaq çıxışla diqqəti özünə cəlb etdi. Hər iki gimnast bir neçə beynəlxalq turnirdə iştirak edəcək. Bundan sonra biz öz qərarımızı verəcəyik.