Marina Durunda: Nəticə hər zaman gimnastın özündən asılı olmur

Minskdə keçirilən bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanan Marina Durunda çıxışı barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib: "Çox şadam ki, qitə birinciliyində medal qazanmışam. Karyeramda ilk dəfə Avropa çempionatında bürünc medala layiq görüldüm. Ümumilikdə bütün komandamız yaxşı çıxışla yadda qaldı. Ayşən Bayramova ilk dəfə iştirak etməsinə baxmayaraq yaxşı təsir bağışladı. Qrup hərəkətləri üzrə millimiz isə sözün əsl mənasında hamını valeh etdi".
Gimnast lentlə hərəkətlərdə uğur qazanmasını belə izah etdi: "Həm gürzlə, həm də lentlə hərəkətlərə uğur qazanacağıma inamım var idi. Lentlə hərəkətləri çox sevirəm. Bürünc medalı da məhz bu növdə əldə etdim. Avropa çempionatında iki Azərbaycan musiqisindən istifadə etdik. Mariana Vasilevna və məşqçilər korpusunun sayəsində çox mükəmməl kompozisiya alındı. Gərgin məşqlərin bəhrəsini görəndə insan çox şad olur. Bürünc medal bizə bundan sonra da çalışmağa güc verəcək".
Yalnız çıxışı barədə açıqlama verən Azərbaycan yığmasının lideri hakimlərin haqsızlığına şərh vermək istəmədi: "Bəzən nəticə gimnastın özündən asılı olmur. Bəzi məqamlar olurdu. Amma son çıxışıma gedən Mariana Vasilevna dedi ki, "get bacardığını göstər. Sən ən yaxşısan". Bu sözlər adama güc verirdi. Bizim işimiz xalça üzərində ən yaxşı olduğumuzu sübut etməkdir. Azərbaycanda gimnastika sürətlə inkişaf edir. Bu inkişaf rəqiblərimizi sevindirmir. İdmançılarımız hər bir yarışda medal qazanmağa qadirdi. Buna görə də federasiya rəhbərliyinə və məşqçilərə təşəkkür etmək istəyirəm".
Avropa Oyunlarına hazırlaşan Marina Durunda çıxış etdiyi kompozisiyanı daha da yaxşılaşdıracağını dedi: "Avropa Oyunlarının Bakıda keçiriləcəyinə görə fəxr edirəm. Doğma azarkeşlər qarşısında çıxış etmək böyük xoşbəxtlikdir. Bütün fikrimi bu oyunlara yönəltmişəm. İstəyirəm ki, Avropa Oyunlarında adım medalçılar sırasında olsun. Bizi güclü rəqabət gözləyir. Bakıya ən güclü gimnastlar gələcək. İnanıram ki, idmançılarımız ümidləri doğruldacaq".