Gənc bədii gimnastlarımızdan 6 medal

Ötən həftə sonu Estoniyanın Tartu şəhəri ənənəvi olaraq hər il təşkil olunan bədii gimnastika üzrə “Miss Valentine” adlı beynəlxalq turnirin iştirakçılarını qəbul edib. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycan böyüklər, gənclər və yeniyetmə yaş kateqoriyalarında təmsil olunub.
Böyüklər proqramı ilə ilk dəfə çıxış edən gimnastımız Jalə Piriyeva iki finalda iştirak edib. O, gürzlərlə çıxışına görə 5-ci, topla isə 7-ci yerdə qərarlaşıb. Çoxnövçülükdə də Jalə 7-ci yerlə kifayətlənib.
Təsnifat mərhələsinin nəticələrinə əsasən, gənc gimnast Zöhrə Ağamirova çoxnövçülükdə bürünc medal qazanıb və 3 finalda çıxış edərək, gürzlərlə hərəkətlərə görə gümüş, ip və topla çıxışlarına görə isə bürünc medal əldə edib. Digər gimnast Darya Farşbafşəhriyari elə həmin gənclər yaş kateqoriyasında çoxnövçülükdə 5-ci yerdə qərarlaşıb.
Beynəlxalq arenada debüt edən gimnastlarımız Arzu Cəlilova və Nərminə Səmədova isə yeniyetmələr proqramında çıxış ediblər. Hər iki gimnast – Nərminə halqa ilə, Arzu isə topla çıxışlarına görə gümüş medal qazanıblar. (AGF)