Bakıda idman gimnastikası üzrə Dünya Kuboku start götürüb

Ötən gün Bakıda idman gimnastikası üzrə FIG Dünya “Challenge” Kuboku start götürüb. Azerisport.az xəbər verir ki, yarışlar 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında keçirilir.
Dünya Kubokunun təsnifat mərhələsinin ilk günündə kişilər sərbəst hərəkətləri, gimnastika atı və halqalar üzərində çıxışlarını nümayiş etdiriblər. Qadınlar isə dayaqla tullanmada və parallel qollarda mübarizə aparıblar.
Azərbaycanı kişi gimnastikası üzrə yarışlarda Oleq Stepko və Petro Paxnyuk, qadınların yarışlarında isə dayaqla tullanmada Marina Nekrasova və Mariya Smirnova, paralel qollarda Yuliya İnşina və Marina Nekrasova təmsil edib.
Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 44 kişi və 22 qadın gimnast mübarizə aparır, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edir.
İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri, sonuncu günü isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək.