Bakıdakı Dünya Kubokuna yekun vuruldu

Bakıda ilk dəfə idman gimnastikası üzrə təşkil olunan FIG Dünya “Challenge” Kuboku, “AGF Trophy” başa çatıb. Azerisport.az xəbər verir ki, Azərbaycan gimnastı Oleq Stepko parallel qollar üzərində finalda tamaşaçıların ondan gözlədiyi nəticəni göstərib. O, 15.550 xal toplayaraq, qızıl medal qazanıb. Fəxri kürsünün 2-ci pilləsinə Türkiyə təmsilçisi Ferhat Arican (15.350), 3-cü pilləsinə isə Yaponiya gimnastı Kaya Kazuma (15.250) yüksəlib.
Dayaqla tullanmada isə Oleqin çıxışı hakimlər tərəfindən 14.650 xalla dəyərləndirilərək, gümüş medala layiq görülüb. Bu alət üzərində hərəkətlərdə yarışların qalibi Yaponiya gimnastı Kenzo Şirai (14.975), bürünc medala isə Türkiyə idmançısı Ahmet Öndər (14.400) sahiblənib.
Oleqin bir dəst medalını tamamlayan alət isə halqalar olub. Bu alət üzərində o, 14.700 xal toplayaraq bürünc medal qazanıb. Halqalar üzərində hərəkətlərdə qalib daha bir Türkiyə təsilçisi İbrahim Çolak (15.450), gümüş medalın sahibi isə Kaya Kazuma (14.800) olub.
Azərbaycanın qadın idman gimnastikasının nümayəndəsi Marina Nekrasovanın sərbəst hərəkətlərdə uğurlu çıxışı ona yarışların bürünc medalını (13.200) gətirib.
Mükafatlandrıma mərasiminin sonunda həm kişilər, həm də qadınlar arasında ən çox icra xalı olan gimnastlar – Kenzo Şirai və Oksana Çusovitina (Özbəkistan) təşkilatçılar tərəfindən hazırlanmış AGF Trophy kuboku təltif olunublar.
Bakıda ilk dəfə keçirilən idman gimnastikası üzrə Dünya “Challenge” Kuboku həm gimnastların çıxışı, həm də təşkilatçılıq baxımından uğurlu olub. İştirakçıların yeni yarış mövsümünün ilk beynəxalq turnirində proqramlarının yüksək səviyyədə yaradılmış şəraitdə sınaqdan keçirdikləri üçün məmnun olmaları üzlərindən görünürdü. Arenadakı ab-havadan təəssürat altında olan tamaşaçılar da böyük sevinclə idmançılara dəstək olur, yerinə yetirdikləri hər bir çətin elementləri səmimiyyətlə alqışlayırdılar.
Yarışlar boyunca yalnız tamaşıçıların qatıldığı fləşmoblara, Dünya Kuboku yekunlaşdıqda təşkilat komitəsinin bütün üzvləri qoşulub.