DÇ-nin ilk günündə Azərbaycan millisindən 3 medal (YENİLƏNİB)
26 iyun 2011 02:45

Braziliyanın San-Paolo şəhərində cüdo üzrə dünya kubokuna start verilib. Azerisport.az xəbər verir ki, nüfuzlu yarışda iştirak edən Azərbaycan yığması ilk gündə 5 idmançısı ilə mübarizə aparıb.
60 kq çəki dərəcəsində yarışan İlqar Muşkiyev startda isveçli Aleksandr Lundkvistlə döyüşüb və onu mübarizədən ipponla kənarlaşdırıb. Növbəti mərhələdə idmançımızı honduraslı Kenni Qodo gözləyirdi ki, Muşkiyev onu da məğlub edib. 1/4 finaldakı rəqib monqolustanlı Boldbatar Qambat idi ki, həmyerlimiz bu rəqibinə məğlub olub. Lakin o, bürünc medal üçün şansını saxlayır. Bu yolda o, öncə meksikalı Nabor Kastilyoya qalib gəlməyi bacarıb. Son döyüşdəki rəqibi olan brazliyalı Felipe Kitaday isə tatamiyə çıxmadığından, təmsilçimiz bürünc medala yiyələnib.
66 kq-da mübarizə aparan Nicat Şıxəlizadə ilk mərhələdə istirahət edib. Növbəti mərhələdə isə ona Leandro Kunya (Braziliya) rəqib olub. Lakin təəssüf ki, tatami sahiblərindən olan bu idmançı ilk mərhələdə olduğu kimi, idmançımızla döyüşdə də uğurlu nəticə qazanıb və Şıxaəlizadə çıxışını erkən dayandırmalı olub.
Bu çəki dərəcəsindəki digər təmsilçimiz Tərlan Kərimov isə startda İran cüdoçusu Araş Miresmaeli ilə qarşılaşıb və 52 saniyəyə rəqibini məğlub edərək, növbəti mərhələyə adlayıb. 1/8 finalda Tərlanı braziliyalı Ales Pombo da Silva gözləyirdi ki, idmançımız ona da qalib gəlib. Amma 1/4-də polşalı Pavlo Zaqrodniklə dueldə uğursuzluqla üzləşən Kərimov da sadəcə bürünc medal şansını saxlayıb. Bunun üçün o, öncə monqolustanlı Miyaraqça Sanjasurenə qalib gəlməliydi. Gəl ki, Kərimov bu şansından da yararlana bilməyib və mübarizəni tam dayandırmalı olub.
Qadın cüdoçularımıza gəlincə, Kifayət Qasımova (57 kq) öncə meydan sahiblərindən olan braziliyalı Marianna Barriosla görüşüb və onu xal hesabıyla mübarizədən kənarlaşdırıb. Növbəti mərhələdə isə idmançımız argentinalı Melissa Rodriqesə də eyni aqibəti yaşadıb. Yarımfinaldakı rəqib yenə braziliyalı - Ketleyn Kvadros olub. Amma Qasımova onu da yolundan kənarlaşdıraraq, adını dünya kubokunun finalına yazdırıb. Həlledici görüşdə də idmançımız braziliyalı ilə - Rafael Silvayla mübarizə aparıb. Kifayət bu görüşdə uduzsa da, gümüş medal qazanıb.
63 kq çəki dərəcəsində mübarizə aparan Ramilə Yusubova isə meksikalı Karina Akosta ilə mübarizəyə start verib və onu məğlub edib. Növbəti mərhələdə isə Yusubova yerli idmançı Mariana Silvayla qarşılaşıb. Lakin idmançımız hakim haqsızlığıyla üzləşib və bürünc medal uğrunda mübarizə aparmaq məcburiyyətində qalıb. Bu yolda o, öncə braziliyalı Ketrin Kamposla üz-üzə gəlib və onu məğlub edib. İsrailli Yarden Qerb ilə son döyüşdə də inamlı qələbə qazanan idmançımız komandamıza ikinci bürünc medalı qazandırıb.
Qeyd edək ki, bu turnirin qalibi 100, 2-ci yerin sahibi 60, 3-cü yerin sahibi 40, 5-ci yeri tutan cüdoçu isə aktivinə 20 lisenziya xalı yazdırır.