İlqar Muşkiyev DÇ-də ilk medalımızı qazandı (YENİLƏNİB)
23 avqust 2011 19:52

Bu gün Fransanın paytaxtı Paris şəhərində dünya çempionatına start verilib. Azerisport.az xəbər verir ki, 5 gün davam edəcək yarışda baş məşqçi Ağayar Axundzadənin rəhbərliyi altında 10 cüdoçumuz qüvvəsini sınayıb.
Yarışın ilk günündə onlardan üçü medal qazanmaq yolunda şanslarını sınayıb. 60 kq çəki dərəcəsində mübarizə aparan İlqar Müşkiyevlə Nicat Şıxəlizadə, eləcə də Tərlan Kərimov (66 kq) digər idmançılırımıza cığır açmağa çalışıb.
İlqar Muşkiyev (60 kq) startda Yəmən idmançısı Əli Xosrovu mübarizədən kənarlaşdırmalıydı. Lakin rəqib bu görüşə çıxmaqdan imtina etdiyi üçün təmsilçimiz növbəti mərhələyə mübarizəsiz adlayıb. Növbəti mərhələdə bolqar Yanislav Qerçev isə Muşkiyevə məğlubiyyətdən yaxa qurtara bilməyib. Hollandiyalı Jeron Muren isə ipponla uduzub. 1/8 finalda fransalı Sofian Milu da idmançımız qarşısında tab gətirə bilməyib. Lakin 1/4 finalda özbəkistanlı Rişod Sobirov İlqarın uğurlu seriyasına son qoyub. Buna baxmayaraq, Muşkiyevin bürünc medal qazanmaq şansı qalır. Bu yolda o, öncə rusiyalı Arsen Qalstyana qalib gəlməliydi ki, ilkin vəzifənin öhdəsindən layiqincə gəlib. Növbəti rəqib - Xvan Yun Çoi (Koreya) üzərində də qələbə qazanan İlqar DÇ-də üçüncü yeri tutmaqla, ilk medalımızı qazanıb.
Nicat Şıxəlizadə (60 kq) ilk olaraq Avstriya cüdoçusu Lyüdviq Peyşerlə üz-üzə gəlib. Lakin o, elə startdaca uduzaraq mübarizəni dayandırıb.
Tərlan Kərimov (66 kq) isə ilkin mərhələdə istirahət edirdi. Növbəti mərhələdə onu, Tejen Tejenov (Türkmənistan) – Laslo Joke (Rumıniya) cütünün qalibi ilə döyüş gözləyirdi ki, bu da sonuncu olub. Amma Kərimov Jokeni məğlub etməyi bacarıb. Növbəti mərhələdə latviyalı Denis Kozlov da ona heç bir müqavimət göstərə bilməyib. 1/8 finalda idmançımız macarıstanlı Mikloş Unqvari üzərində də qələbə qazanıb. 1/4 finaldakı rəqib rusiyalı Musa Moquşkov idi. Lakin təəssüf ki, Tərlan da məhz bu mərhələdə uduzub. Amma o, bürünc şansını saxlayırdı. Bunun üçün o öncə Koreya idmançısı Yun Xo Çonu mübarizədən kənarlaşdırmalıydı. Gəl ki, Tərlan bu şansından da yararlana bilməyib və yarışı 7-ci pillədə başa vurub.
Qeyd edək ki, yarışda 136 ölkədən 949-idmançı mübarizə aparır. Çempionatda 1-ci yerin sahıbi 500, 2-ci yer 300, 3-cü yer 200, 5-ci yer 100, 7-ci yer 80, 1/16 final 60, 1/32 40 lisenziya xalı qazanacaq.