DÇ-də ikinci gün Azərbaycan üçün uğursuz oldu (YENILƏNİB)
24 avqust 2011 16:00

Fransanın paytaxtı Paris şəhərində dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, 5 gün davam edəcək yarışda baş məşqçi Ağayar Axundzadənin rəhbərliyi altında 10 cüdoçumuz qüvvəsini sınayır.
Yarışın ikinci günündə daha 2 cüdoçumuz medal qazanmaq yolunda şanslarını sınayıb. Bunlar Kifayət Qasımova və Renat Mirzəliyev idi.
57 kq-da mübarizə aparan Kifayət Qasımova ilk görüşünü Haiti idmançısı Mersi Janbaptisteyə qarşı keçirib və onu məğlub edib. Növbəti rəqib yaponiyalı Ayko Sato ilə dueldə isə məğlub olan idmançımız yarışla erkən vidalaşıb.
73 kq-da yarışan Renat Mirzəliyev isə startda mavritiyalı Mak Leon Paulinlə qarşılaşıb və onu ipponla yenib. Növbəti rəqib tailandlı Axilleus Ralli də eyni aqibəti yaşayıb. Təmsilçimiz 1/16 finalda polşalı Tomaş Adamiçlə qarşılaşıb. Lakin təəssüf ki, o da məhz bu mərhələdə yenilib.
Qeyd edək ki, yarışın ilk günündə tatami üzərinə çıxan idmançılarımızdan 60 kq çəki dərəcəsində mübarizə aparan Onlardan İlqar Muşkiyev bürünc medal qazanıb. Bununla o, 200 reytinq xalı qazanıb. Nicat Şıxəlizadə (60 kq) çıxışını daha erkən dayandırdığı halda Tərlan Kərimov (66 kq) yeddinci yeri tutub və 80 reytinq xalına sevinib.
Onu da əlavə edək ki, yarışda 136 ölkədən 949-idmançı mübarizə aparır. Çempionatda 1-ci yerin sahıbi 500, 2-ci yer 300, 3-cü yer 200, 5-ci yer 100, 7-ci yer 80, 1/16 final 60, 1/32 40 lisenziya xalı qazanır.