Növbəti medalsız gün (YENİLƏNİB)
25 avqust 2011 19:45

Fransanın paytaxtı Paris şəhərində keçirilən dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, 5 gün davam edəcək yarışda baş məşqçi Ağayar Axundzadənin rəhbərliyi altında 10 cüdoçumuz qüvvəsini sınayır.
Yarışın üçüncü günündə daha 3 cüdoçumuz medal qazanmaq yolunda şanslarını sınayıb. Bunlar Elnur Məmmədli, Elxan Rəcəbli və Ramilə Yusubova idi.
Təbii ki, bu mənada əsas diqqətlərimiz 81 kq-da mübarizə aparan Elnur Məmmədliyə idi. O, startda xorvatiyalı Tomislav Maryanoviçi yolundan kənarlaşdırmalıydı. İdmançımız çətinliklə də olsa, bu vəzifənin öhdəsindən gəlib. Növbəti rəqib slovakiyalı Marian Benkoski isə həmyerlimizə ipponla uduzub. Elnur mərakeşli Safuane Attaf üzərində də eyni uğuru təkrarlamaqla adını 1/8 finala yazdırıb. Lakin bu mərhələdəki rəqibi - ukraynalı Artyom Vasilenko Məmmədlinin uğurlu seriyasını davam etdirməsinə imkan verməyib.
81 kq-da yarışan digər təmsilçimiz – Elxan Rəcəbli isə ilk turda istirahət edib. Onun rəqibi Vaçarin Yampavonq (Tailand) – Jozateki Naulu (Fici) cütünün qalibi olacaqdı ki, bu da ikinci olub. Lakin Elxan start döyüşündə rəqibini asanlıqla keçə bilib. Növbəti mərhələdə Rəcəbli çexiyalı Yaromir Musilə də eyni aqibəti yaşadıb. 1/8 finaldakı rəqib yaponiyalı Takahiro Nakai də Rəcəbli qarşısında aciz qalıb. 1/4-dəki rəqib isə fransalı Pyotr Loiç idi. Təəssüf ki, Elxan bu görüşdə qələb qazana bilməyib. Amma o, bürünc medal qazanmaq şansını saxlayır. Bunun üçün cüdoçumuz öncə rusiyalı İvan Nifontovu məğlub etməliydi ki, bunu bacarıb. Lakin o, medalı təmin etmək üçün daha bir görüşdə qələbə qazanmalıydı. Amma braziliyalı Leandro Qulheyro idmançımızın medal arzusunu gözündə qoyub.
Qadın cüdoçularımızdan isə 63 kq-da mübarizə aparan Ramilə Yusubova qüvvəsini sınayıb. O, ilk döyüşünü Honkonqdan olan Sum Po Leunqa qarşı keçirib və 14 saniyəyə təmiz qələbə qazanıb. Növbəti rəqib moldovalı Mariana Davıdovaya da qalib gələn Ramilə Hollandiya idmançısı ilə bacarmayıb. Məhz Aniçka van Emden onu mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, yarışın ilk iki günündə tatami üzərinə çıxan idmançılarımızdan yalnız 60 kq çəki dərəcəsində mübarizə aparan İlqar Muşkiyev bürünc medal qazanıb. Bununla o, 200 reytinq xalı da əldə edib. Tərlan Kərimov (66 kq) isə yeddinci yeri tutub və 80 reytinq xalına sevinib. Nicat Şıxəlizadə (60 kq), Renat Mirzəliyev (73 kq), Kifayət Qasımova (57 kq) isə çıxışını erkən dayandırmalı olub.
Onu da əlavə edək ki, yarışda 136 ölkədən 949-idmançı mübarizə aparır. Çempionatda 1-ci yerin sahıbi 500, 2-ci yer 300, 3-cü yer 200, 5-ci yer 100, 7-ci yer 80, 1/16 final 60, 1/32 40 lisenziya xalı qazanır.