Elxan Məmmədov da bacarmadı (YENİLƏNİB)
26 avqust 2011 15:58

Fransanın paytaxtı Paris şəhərində keçirilən dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, 5 gün davam edəcək yarışda baş məşqçi Ağayar Axundzadənin rəhbərliyi altında 10 cüdoçumuz qüvvəsini sınayır.
Yarışın dördüncü günündə daha 1 cüdoçumuz medal qazanmaq yolunda şansını sınayıb. Bu, Elxan Məmmədov olub.
90 kq-da mübarizə aparan idmançımız startda özbək cüdoçu Xurşid Nəbiyevlə üz-üzə gəlib və onu məğlub edib. Növbəti rəqib kanadalı Aleksandr Emond da Məmmədova müqavimət göstərə bilməyib. Lakin təəssüf ki, koreyalı Li Kyu Von Elxan üçün keçilməz olub.
Qeyd edək ki, yarışın ilk üç günündə tatami üzərinə çıxan idmançılarımızdan yalnız 60 kq çəki dərəcəsində mübarizə aparan İlqar Muşkiyev bürünc medal qazanıb. Bununla o, 200 reytinq xalı da əldə edib. Tərlan Kərimov (66 kq) isə yeddinci yeri tutub və 80 reytinq xalına sevinib. Nicat Şıxəlizadə (60 kq), Renat Mirzəliyev (73 kq), Kifayət Qasımova (57 kq), Elnur Məmmədli (81 kq), Elxan Rəcəbli (81 kq) və Ramilə Yusubova (63 kq) isə uğur qazana bilməyib.
Onu da əlavə edək ki, yarışda 136 ölkədən 949-idmançı mübarizə aparır. Çempionatda 1-ci yerin sahıbi 500, 2-ci yer 300, 3-cü yer 200, 5-ci yer 100, 7-ci yer 80, 1/16 final 60, 1/32 40 lisenziya xalı qazanır.