DÇ-də son medal şansımız da boşa verildi (YENİLƏNİB)
27 avqust 2011 13:50

Fransanın paytaxtı Paris şəhərində keçirilən dünya çempionatı millimiz üçün başa çatıb. Azerisport.az xəbər verir ki, 5 gün davam edən və bu gün bitən yarışda baş məşqçi Ağayar Axundzadənin rəhbərliyi altında 10 cüdoçumuz qüvvəsini sınayırdı.
Yarışın son günündə daha 1 cüdoçumuz medal qazanmaq yolunda şansını sınayıb. Bu, Elmar Qasımov idi.
100 kq-da mübarizə aparan idmançımız ilk turda istirahət edib. İkinci mərhələdə isə onun rəqibi Bosniya və Herseqovinadan Amelya Mekiç olub. Lakin təəssüf ki, Elmar elə ilk cəhdindəcə məğlub olaraq, mübarizəni erkən dayandırıb.
Qeyd edək ki, yarışın ilk dörd günündə tatami üzərinə çıxan idmançılarımızdan yalnız 60 kq çəki dərəcəsində mübarizə aparan İlqar Muşkiyev bürünc medal qazanmışdı. Bununla o, 200 reytinq xalı da əldə etmişdi. Tərlan Kərimov (66 kq) isə yeddinci yeri tutaraq, 80 reytinq xalına sevinmişdi. Nicat Şıxəlizadə (60 kq), Renat Mirzəliyev (73 kq), Kifayət Qasımova (57 kq), Elnur Məmmədli (81 kq), Elxan Rəcəbli (81 kq), Ramilə Yusubova (63 kq) və Elxan Məmmədov (90 kq) isə uğur qazana bilməyib.
Onu da əlavə edək ki, yarışda 136 ölkədən 949-idmançı mübarizə aparırdı. Çempionatda 1-ci yerin sahıbi 500, 2-ci yer 300, 3-cü yer 200, 5-ci yer 100, 7-ci yer 80, 1/16 final 60, 1/32 40 lisenziya xalı qazanırdı.