Tahirovla Qasımov dünya kubokunda bürünc medal qazandı (YENİLƏNİB)
18 sentyabr 2011 17:18

Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən cüdo üzrə dünya kuboku davam edir. Azerisport.az xəbər verir ki, bu gün daha dörd idmançımız qüvvəsini sınayıb.
81 kq-da yarışan Rüstəm Alimli mübarizəyə qırğız Nurbek Raymala qarşı döyüşlə qoşulub və qələbə qazanıb. Növbəti rəqib özbək Farmon Kabulovla qarşılaşmada isə uğursuzluqla üzləşərək, mübarizəni dayandırıb.
Ramin Qurbanov (90 kq) startda Nemətulla Asranqulov (Tacikistan) üzərində qələbə qazanmalıydı. Lakin o, elə ilk cəhdindəcə ipponla uduzaraq mübarizəni dayandırıb.
Elmar Qasımov (100 kq) ilk olaraq Qazaxıstan idmançısı Sabirjan Abidaulini mübarizədən kənarlaşdırıb. 1/4 finaldakı rəqib Balint Farkaş (Macarıstan) da Elmara məğlubiyyətdən yaxa qurtara bilməyib. Yarımfinaldakı rəqib tatami sahiblərindən Ramzitdin Saidov idi ki, cüdoçumuz bu rəqibinə məğlub olub. Belədə, o, israilli Or Sasson ilə bürünc uğrunda mübarizə aparmalı olub. Bu rəqibi üzərində qazandığı qələbə sayəsind Qasımov dünya kubokunun bürünc medalına sahib çıxıb.
Emil Tahirov da (+100 kq) ilk döyüşündə qazax idmançıyla qarşılaşıb. O da Ulan Rıskul ilə mübarizədən qalib ayrılıb. 1/4 finaldakı rəqib Oybek Toşpulatov (Özbəkistan) da idmançımız qarşısında tab gətirməyib. Yarımfinalda eyni uğuru braziliyalı Rafael Silva üzərində də qazanmaq lazım idi. Amma Emil bu rəqibinə uduzduğundan, sadəcə bürünc medal üçün mübarizə aparmalı olacaq. Bunun üçün o, Erjan Şinkeyevə (Qazaxıstan) qalib gəlməliydi ki, buna nail olub. Nəticədə Tahirov da bürünc medal qazanıb.
Xatırladaq ki, yarışın ilk günündə mübarizəyə qoşulan 4 cüdoçumuzdan yalnız İlqar Muşkiyev dünya kubokunun bürünc medalını qazana bilmişdi.