Azərbaycan Tokioda ilk günü medalsız başa vurdu (YENİLƏNİB)
9 dekabr 2011 11:28

Bu gün Yaponiyanın Tokio şəhərində cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verilib. Azerisport.az xəbər verir ki, lisenziya statuslu turnirin ilk günündə üç azərbaycanlı cüdoçu da şanslarını sınayıb.
60 kq-da yarışan iki idmançımızdan biri – İlqar Muşkiyev ilk döyüşünü İsrail təmsilçisi Artyom Arşanska qarşı keçirib. İlqar onu xal hesabı ilə məğlub edərək, növbəti mərhələyə adlayıb. Burda idmançımız fransız Sofian Mila ilə üz-üzə gəlib və ona da eyni aqibəti yaşatmağı bacarıb. 1/4 finalda isə Muşkiyev yaponiyalı Xiroaki Xiraokla üz-üzə gəlib. Təəssüf ki, bu görüşündə xal hesabı ilə uduzan İlqar turniri beşinci yerdə başa vurub. Onun qazancı sadəcə reytinq xalına daha 60 xal əlavə etmək olub.
Bu çəki dərəcəsindəki digər cüdoçumuz – Vüqar Şirinli isə yarışa monqol Tumurxuleq Davadorj ilə start verib. Amma onun çıxışı daha uğursuz alınıb. Belə ki, Vüqar elə startdaca məğlub olaraq, mübarizəni dayandırmalı olub.
Çəkisi 66 kq olan cüdoçuların yarışında isə Tərlan Kərimovun rəqibi Koreya idmançısı Min Xo Çoi olub. Kərimov da ilk döyüşündə uğursuzluqla üzləşib və turnirlər erkən vidalaşıb.
Qeyd edək ki, yarış nokaut sistemi üzrə, təsəlliverici görüş olmadan keçirilir. Yarımfinalda məğlub olmuş cudoçular dərhal bürünc mükafata yiyələnirlər. Tokiodakı turnirdə qələbə 200 reytinq xalı qazandırır. Turnirin mükafat fondu isə 150 min dollardı.