Kifayət Qasımova da Tokioda beşinci oldu (YENİLƏNİB)
10 dekabr 2011 11:48

Yaponiyanın Tokio şəhərində keçirilən cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir. Azerisport.az xəbər verir ki, lisenziya statuslu turnirin ikinci günündə beş azərbaycanlı cüdoçu da şanslarını sınayıb.
73 kq-da Rüstəm Orucov çıxış edirdi. O, startda monqol Odbayar Qanbatarla üz-üzə gəlib. Tərəflər qalibi əlavə vaxtda da müəyyən edə bilməyiblər. Sonda qələbə Rüstəmin rəqibinə verilib.
81 kq çəki dərəcəsində ölkəmizi Elxan Rəcəbli təmsil edirdi. O, ilkin döyüşlər zamanı istirahət edərək, rəqibinin kimliyini gözləyib. Elxanın ilk rəqibi isə Yaroslav Şepanyak (Polşa) üzərində qələbə qazanan Artyom Vasilenko (Ukrayna) olub. İdmançımız bu rəqibini məğlub etməyi bacarıb. Lakin növbəti döyüşünü tatami sahiblərindən Takahiro Nakaiyə qarşı keçirən Rəcəbli məğlubiyyətlə üzləşməli olub.
90 kq-da Elxan Məmmədov qüvvəsini sınayırdı. Onun ilk rəqibi argentinalı Dieqo Rosati olub. Təəssüf ki, Elxan bu rəqibinə gözlənilmədən uduzaraq, mübarizəni erkən dayandırıb.
Qadın cüdoçuların mübarizəsində Kifayət Qasımova (57 кг) startda istirahət edirdi. Onun birinci rəqibi isə İrina Zabludina (Rusiya) üzərində qələbə qazanan İzabel Fernandes (İspaniya) olub. Kifayət ispan rəqibini xal hesabı ilə məğlub etməyi bacarıb. Növbəti mərhələdə isə yaponiyalı Kauro Matsumoto ilə üz-üzə gələn Qasımova məğlub olaraq, turniri beşinci yerdə bitirib.
63 kq-da isə ölkəmiz Ramilə Yusubova ilə təmsil olunub. Ramilənin ilk rəqibi Alis Şlezinqer (İsrail) idi. Təəssüf ki, Yusubova da elə startdaca məğlub olaraq, mübarizəni erkən dayandırmalı olub.
Qeyd edək ki, yarış nokaut sistemi üzrə, təsəlliverici görüş olmadan keçirilir. Yarımfinalda məğlub olmuş cudoçular dərhal bürünc mükafata yiyələnirlər. Tokiodakı turnirdə qələbə 200 reytinq xalı qazandırır. Turnirin mükafat fondu isə 150 min dollardı.
Yarışların ilk günündə idmançılarımızdan yalnız İlqar Muşkiyev (60 kq) beşinci yeri tutmağa nail olmuşdu.