Elnur Məmmədli yenə ilk üçlükdə
14 dekabr 2011 00:42

Beynəlxalq Cüdo Federasiyası (IJF) Tokioda “Böyük dəbilqə” turnirinin yekunlarına dair yeni reytinqini açıqlayıb. Azerisport.az xəbər verir ki, qarşıdan gələn istirahət günləri idmançıları Sindao şəhərində beynəlxalq mövsümü yekunlaşdıracaq Qran-pri yarışları gözləyir.
Yaponiyada beşinci olmuş Kifayət Qasımova (57 kq) bir pillə geriləyərək, 13-cü mövqeni tutub. Olimpiadaya isə hər çəki dərəcəsində cəmi 14 iştirakçı vəsiqə qazanır. Odur ki, idmançımız öz perspektivləri barədə ciddi düşünməlidi. Özü də Kifayət rusiyalı İrina Zabludinanı cəmi 4 xal qabaqlayır, rəqibi, heç şübhəsiz, Kifayəti geridə qoymağa çalışacaq. Reytinqə isə Kifayəti “Böyük dəbilqə” turnirində məğlubiyyətə uğratmış Kaori Matsumoto liderlik edir, ikinci yeri onun komanda yoldaşı Aioko Sato tutur.
Ramilə Yusifova (63 kq) da bir pillə geriləyərək, 15-ci yerdə qərar tutub. Çində keçiriləcək Qran-pri yarışlarında onu qabaqlayarlarsa, idmançımız Olimpiadada iştirak etmək bir yana, yanvarda Almatıda keçiriləcək “World Masters” turnirinə qatılmaq perspektivini də itirə bilər.
Kişilərin reytinqində isə İlqar Müşkiyev (60 kq) və Tərlan Kərimov (66 kq) əvvəlki mövqelərində qalıblar: İlqar 10-cu, Tərlan 13-cü yerdədi. Elnur Məmmədli (81 kq) üçüncü mövqeni geri qaytarıb, çünki onu qabaqlayan Takaxiro Nakai “Böyük dəbilqə” turnirində medalsız qaldı və bu da reytinq cədvəlinə təsir göstərib. Elxan Rəcəbli həmin çəkidə 22-ci yerdə qərarlaşıb. Elxan Məmmədov (90 kq) altıncı nəticə göstərib, lakin “Böyük dəbilqə”nin finalçısı Esley Qonsales ona xeyli yaxınlaşıb. Elmar Qasımov (100 kq) 35-ci mövqedə dayansa da, London Olimpiadasında iştirak etmək şansını itirməyib.