Yeni reytinq cədvəli açıqlandı
23 fevral 2012 01:57

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, Almaniyanın Düsseldorf şəhərində keçirilən Qran-pri turnirinin yekununa əsasən müəyyənləşən siyahı Azərbaycan cüdoçuları üçün uğursuz olmayıb.
Belə ki, Ağayar Axundzadənin yetirmələrindən İlqar Müşkiyev (60 kq), Elmar Qasımov (100 kq) və Kifayət Qasımova (57 kq) yarışda mükafatçılar sırasında yer almasalar da, rəqiblərinin geriləməsi səbəbindən hərəsi 1 pillə irəliləyib. Onlar müvafiq olaraq, 10-cu, 36-cı və 13-cü yerlərə yüksəliblər.
Tərlan Kərimov (66 kq), Elnur Məmmədli (81 kq) və Ramilə Yusubova (63 kq) əvvəlki siyahıda olduğu kimi yenə müvafiq olaraq, 14-cü, 3-cü və 15-cidi.
Qran-pridə iştirak etməyən Elxan Rəcəbli (81 kq) və Almaniyada 5-ci olan Elxan Məmmədov (90 kq) isə hərəyə 1 pillə geriləyiblər. Bunlardan birincisi 27-ci, ikincisi 12-ci yerə düşüb.
Reqlamentə əsasən kişilərin reytinq cədvəlində ilk 22, qadınlarda isə 16 yeri tutacaq cüdoçular London Olimpiadasında iştirak etmək hüququ qazanacaqlar.