Yeni reytinq cədvəli açıqlandı
30 may 2012 19:49
Beynəlxalq Cüdo Federasiyası (İJF) Rusiyanın paytaxtı Moskvada başa çatan “Böyük Dəbilqə” turnirinin yekunlarına əsasən yeni reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, “Böyük Dəbilqə”də bürünc medal qazanan İlqar Müşkiyev (60 kq) ötən reytinq cədvəlində olduğu kimi bu dəfə də 3 pillə irəliləyib.
Bu isə onun Olimpiada öncəsi 3-cü yerə yüksəlməsi ilə nəticələnib. İ.Müşkiyev bununla həm də Olimpiya çempionumuz Elnur Məmmədliyə (81 kq) çatıb. Sonuncu Moskvada öz çəkisində deyil, 90 kq çəki dərəcəsində yarışdığı üçün mövqeyində dəyişiklik olmayıb.
Mövqelərini yaxşılaşdıranlar arasında Elmar Qasımov (100 kq) və Kifayət Qasımova (57 kq) da var. Əgər E.Qasımov Rusiyada 5-ci olmaqla 3 pillə irəliləyibsə (27-ci yer), bu yarışa qatılmayan K.Qasımova rəqibinin geriləməsi səbəbindən 11-ci olub.
Elxan Məmmədov (90 kq) və Ramilə Yusubova (63 kq) da mövqelərini qoruyublar. Onlar yenə müvafiq olaraq 10-cu və 15-cidi.
Baş məşqçi Ağayar Axundzadənin yetirmələrindən geriləyənlər isə Tərlan Kərimov (66 kq), Elxan Rəcəbli (81 kq) və London-2012-yə Avropa Cüdo İttifaqının seçimi ilə yollanacaq Rüstəm Orucovdu (73 kq). Onlardan ilk 2-si 2, sonuncu 1 rəqibini özündən irəli buraxıb. Nəticədə bu cüdoçular müvafiq olaraq, 17-ci, 34-cü və 31-ci yerdədirlər.
Qeyd edək ki, reqlamentə əsasən kişilərin reytinq cədvəlində ilk 22, qadınlarda isə 16 yeri tutacaq cüdoçular London Olimpiadasında iştirak etmək hüququ qazanacaqlar.