Yığmamız Olimpiadaya hazırlığı başa vurdu
23 iyul 2012 17:18
Cüdo yığmamızın baş məşqçisi Ağayar Axundzadənin rəhbərliyi altında davam edən və London Olimpiadasına hazırlığın son mərhələsi sayılan İsmayıllı toplanışı başa çatıb. Azerisport.az xəbər verir ki, Avropa Cüdo İttifaqının Barselonada (İspaniya) təşkil etdiyi beynəlxalq təlim-məşq toplanışından dərhal sonra İsmayıllıdakı Olimpiya İdman Kompleksinə cəmləşən yığmanın heyətində əsasən ölkəmizi London Olimpiadasında təmsil edəcək cüdoçular yer alıblar.
Yüksək dağ şəraitində fiziki hazırlıqla yanaşı, taktiki və texniki hazırlıq səviyyəsini bir qədər də artıran cüdoçularımız iyulun 24-də Londona yola düşəcəklər.
London Yay Olimpiya Oyunlarında ölkəmizi İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Elnur Məmmədli (81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Usubova (63 kq) təmsil edəcəklər.