Millimiz Xorvatiyadan 1 medalla qayıdır
25 sentyabr 2012 00:26

Cüdo üzrə Azərbaycan yığması Xorvatiyanın Poreçe şəhərində gənclər arasında keçirilən Avropa birinciliyində mükafat qazanıb. Azerisport.az xəbər verir ki, Bolqarıstan təmsilçisi İvaylo İvanovu təsəlliverici görüşdə məğlubiyyətə uğradan Əbdülhəqq Rəsullu (81 kq) bürünc medala sahib çıxıb.
Onun komanda yoldaşları isə medal qazanmaq şansını əldən veriblər.
Məmmədəli Mehdiyev də 81kq-dək çəki dərəcəsində əvvəlcə “ippon” fəndi ilə tatami sahibi Denis Beliçevin öhdəsindən gəlib, sonra eyni yolla Bosniya təmsilçisi Eldin Öməroviçi məğlubiyyətə uğradıb. Lakin 1/4 finalda Polşa təmsilçisi Tomaş Çepanyakuya məğlub olub.
Afiq Səfərli 73 kq-dək çəki dərəcəsində belçikalı Sami Çoşua üzərində “yuko” fəndi ilə qələbə qazanıb, lakin növbəti dövrədə Gürcüstan təmsilçisi Levan Quqavaya məğlub olub. Elə həmin çəki dərəcəsində Hüseyn Rəhimli elə ilk görüşdə yunanıstanlı Roman Mustopulosa uduzub.