Azərbaycan yığmasında yeni baş məşqçi
6 oktyabr 2012 00:26

İsmayıllıda Azərbaycan Cüdo Federasiyasının prezidenti, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovla Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunan Peter Zayzenbaxer arasında müqavilə imzalanıb. Azerisport.az xəbər verir ki, Peter Zayzenbaxerlə dörd il müddətinə bağlanan müqaviləyə əsasən, o, cüdo üzrə Azərbaycan milli komandasını 2016-cı ildə Rio de Janeyroda keçiriləcək Olimpiya oyunlarına hazırlayacaq.
Zayzenbaxer Azərbaycanın kişilərdən ibarət milli komandasının gücləndirilməsi ilə yanaşı, yeniyetmə və gənclərdən ibarət milli komandanın formalaşdırılmasına da cavabdehlik daşıyacaq. Eyni zamanda, Peter Zayzenbaxer qadın cüdo məktəbinin inkişaf etdirilməsi, peşəkar məşqçi və hakim heyətinin hazırlanması prosesinin təkmilləşdirilməsi sahəsində də fəaliyyət göstərəcək. Avstriyalı məşhur cüdoçu ölkənin müxtəlif regionlarından istedadlı yeniyetmə və gənclərin aşkar olunaraq, onların peşəkar idmançı kimi yetişdirilməsi, həmçinin respublikada cüdo idman növünün kütləvi xarakter alması üçün görülən işlərdə də çalışacaq.
İsmayıllıda Cüdo Mərkəzinin inşa olunacağını deyən nazir Fizuli Ələkbərov beynəlxalq turnirlərdə mühüm qələbələrə imza atan milli cüdo yığmasının peşəkarlığının daha da yüksəldilməsinin əsas məqsədlərdən olduğunu deyib.
Tədbirdən sonra İsmayıllı rayonunda inşa olunacaq Cüdo Mərkəzinin təməlqoyma mərasimi olub. Mərasim iştirakçılarına yeni mərkəzin texniki göstəriciləri barədə məlumat verilib və binanın təməli qoyulub. Daha sonra İsmayıllı Olimpiya-İdman Kompleksində gənc cüdoçuların təlim-məşq prosesinə baxış keçirilib.