Yığmamız Yunanıstandan 7 medalla qayıdır
9 aprel 2013 13:27

Solonikidə (Yunanıstan) keçirilmiş cüdo üzrə İliadis Kuboku yarışlarında Azərbaycan komandası bir qızıl, bir gümüş və beş bürünc medal qazanıb. Azerisport.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, fəxri kürsünün ən yüksək pilləsinə Mehman Sadıxov (55 kq) qalxıb.
O, keçirdiyi dörd görüşün hamısında qələbəsini “ippon”la qeyd edib. Gürcüstanlı Georgi Saçaleli ilə final görüşü də istisna təşkil etməyib.
Gümüş mükafata Cəlil Cəlilov (66 kq) layiq görülüb. Üçüncü yeri isə Telman Vəliyev (60 kq), Afiq Səfərli (73 kq), Məmmədəli Mehdiyev (81 kq), Firudin Dadaşov (90 kq) və Andrey Fətiyev (+100 kq) tutublar. Ümumi hesabda kollektivimiz iyirmi ölkə arasında altıncı olub.